Kəmaləddin Heydərov zəlzələ bölgəsində müşavirə keçirdi

16 Avqust 2012 08:50 (UTC+04:00)

"Zəlzələ bölgəsində məktəblərin tikintisini, yəqin ki, tədris ilinin başlanğıcına - sentyabrın 15-dək yekunlaşdıracağıq. Komissiyaların verdiyi ilk rəylər əsasında tikintisinə başlanan fərdi evlərin inşası isə hesab edirik ki, oktyabrın ortalarında başa çatacaq". APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala Rayon İcra Hakimiyyətində əlaqədar qurumların nümayəndələri və tikinti təşkilatları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədən sonra jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, sonradan tikintisinə başlanan evlər də soyuqlar düşənədək tikilib əhaliyə təhvil veriləcək.

K.Heydərov müşavirədən əvvəl rayonların İcra Hakimiyyəti başçıları və iş icraçıları ilə birlikdə tikinti aparılan ərazilərə baxış keçirdiklərini deyib: "Tikinti işlərinin sürəti normaldır. Komissiyaların verdikləri ilk rəylər əsasında, demək olar ki, hər yerdə tikinti işlərinə başlanıb. Əhalinin müraciətlərinə əsasən, komissiyalar hələ də yerlərdə yoxlamaları davam etdirir, fərdi evlərə təkrar baxış keçirilir. Hazırda zəlzələ bölgəsində 12 işçi qrupu fəaliyyətini davam etdirir".

Nazirin sözlərinə görə, artıq 3200-ə yaxın evdə tikinti işlərinə başlanıb: "Təkrar yoxlamalar zamanı Şəki də daxil olmaqla, 4 rayonda daha 513 fərdi evin qəzalı vəziyyətə düşdüyü müəyyənləşib və hazırda onların da tikintisinə başlanıb. Eyni zamanda, əlavə olaraq 2 mindən artıq evin bərpa və gücləndirməyə ehtiyacı olduğu müəyyən edilib. Bərpa-gücləndirmə işləri də tikinti şirkətləri tərəfindən həyata keçiriləcək".