Dini Komitə Daxili İşlər Nazirliyi ile birgə dini cərəyanların zərərlərini müzakirə edib

1 Aprel 2015 13:31 (UTC+04:00)

Şirvan şəhərində Daxili İşlər Nazirliyinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi növbəti seminar-treninq keçirilib.

Komitədən Mövqe.az-a  verilən məlumata görə, tədbirdə Şirvan şəhəri, Hacıqabul, Sabirabad və Saatlı rayon polis şöbələrinin rəhbərliyi və şəxsi heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru, Polis Akademiyasının dosenti Hikmət Eyvazov açaraq, 31 mart soyqırımı barədə qısa məlumat verdikdən sonra seminar iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra H.Eyvazov "Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə" mövzusunda məruzə edib. Məruzəçi Azərbaycanda tarixən mövcud olmuş və bu gün də davam edən, dünyaya nümunə ola biləcək tolerantlıq mühitindən söz açaraq, bu amildən sui-istifadə etməyə cəhd göstərən bəzi qeyri-ənənəvi dini cərəyan mənsublarının zərərli fəaliyyətinə diqqəti cəlb edərək, DİN-in DQİDK və digər qurumlarla birgə həyata keçirdiyi profilaktik tədbirlər barədə geniş məlumat verib. Çıxış edən DQİDK sədrinin I müavini Səyyad Salahlı radikal qeyri-ənənəvi dini cərəyanların ölkəmizdə yayılmasının əsas səbəbləri, onların təbliğat forma və metodları, hədəf aldıqları kontingent, həmçinin, istifadə etdikləri psixolji təsir vasitələri barədə danışmış və onlara qarşı əsasən üç istiqamətdə - hüquqi-inzibati yol, iqtisadi-maliyyə mənbələrinin məhdudlaşdırılması və dini maarifləndirmə - mübarizə tədbirlərinin aparıldığını qeyd edib. Komitə rəsmisi hüquq-mühafizə orqanlarının bu sahədə həyata keçirdiyi tədbirləri və əməkdaşlığı yüksək qiymətləndirib.