«Azərbaycan Dəmir Yolları» Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO
16 Avqust 2012 11:49 (UTC+04:00)
Ramazan bayramı ilə əlaqədar
"Azərbaycan Dəmir Yolları" QSC-nin təsərrüfatları gücləndirilmiş iş
rejiminə keçib. QSC-nin mətbuat katibliyinin rəisi Nadir
Əzməmmədovun "APA-ECONOMICS"ə verdiyi məlumata
görə, bayram günlərində sərnişin axınının artması adi hala
çevrilib: "Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız
dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir. "Azərbaycan
Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin
kollektivi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar
gucləndirilmiş iş rejiminə keçib. Departamentin kollektivi sərnişin
qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi, vaqonlarda
soyuducu sistemin normal işləməsi istiqamətində ciddi işlər görür.
Bundan əlavə, bayram günlərində sərnişin sıxlığının artması ilə
əlaqədar Departamentin kollektivi ölkə daxilində hərəkət edən
sərnişin qatarlarına əlavə vaqonların qoşulmasını təmin edir".
N.Əzməmmdov onu da qeyd edib ki, sərnişin sıxlığını qismən də olsa
aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin
qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqon qoşulması
təmin olunur.
"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin
qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə
vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata
keçirilir", - deyə QSC-nin rəsmisi bildirib.