Rəqabət Məcəlləsindən hələ də bir xəbər yoxdur

2 Aprel 2015 03:00 (UTC+04:00)

Manatın devalvasiyasından sonra bir sıra satış mərkəzlərində qiymətlərin süni olaraq artırılması hallarına rast gəlindi və müvafiq rəsmi strukturlar tərəfindən buna qarşı mübarizə də sərtləşdirildi. Nəticə etibarı ilə xeyli sayda satış mərkəzlərində, əsasən də marketlərdə süni qiymət artımının qarşısı alındı. Məhz belə bir zamanda çoxdandır müzakirə predmeti olan Rəqabət Məcəlləsinin qəbulu məsələsi də yenidən aktuallıq qazanır.

Sözügedən məcəllə parlamentdə iki oxunuşdan keçsə də, əsas, yəni, son oxunuşa hələ çıxarılmayıb. Bu isə hər dəfə müxtəlif səbəblərlə izah olunur. Amma hələ də müvafiq layihənin üçüncü oxunuş üçün nə vaxt müzakirəyə çıxarılacağı bəlli deyil. Rəqabət Məcələsinin süni qiymət artımı kimi problemin həllində əsaslı rol oyanacağına isə mütəxəssislər fərqli prizmadan yanaşır.

Rəqabət qanunvericiliyi üzrə mütəxəssis Eldar Qocayev ilk olaraq onu bildirdi ki, süni qiymət artımını bu istəkdə olan insan edə bilər: "Yəni, monopol mövqedə olmayan şirkət bazarda süni qiymət artımını yarada bilməz. Etsə də, böyük həcmə malik ola bilməz ki, ölkə səviyyəsində təsir göstərsin. Definitiv olaraq bazar iqtisadiyyatı istisna hallardan başqa, süni qiymət artımını qəbul etmir. Şirkətin bazarda payı 35%-dən çox deyilsə, onu qeyri-qanuni hərəkətdən başqa heç nədə günahlandırmaq olmaz. Bazarda payı 35%-dən aşağı olan şirkət istənilən qiyməti tətbiq edə bilər. Standandartlar çərçivəsindən aşağı olmadan istənilən keyfiyyətdə məhsul buraxması qanunidir. Buna görə heç kəs həmin şirkətdən irad tuta bilməz. Çünki, sahibkarlığın mahiyyətində və tərifində göstərilib ki, sahibkarlıq gəlir əldə etmək məqsədi ilə öz riskinə əsaslanan fəaliyyət növüdür. Yalnız qiyməti dövlət tərəfindən tənzimlənən məhsullardan başqa, digər məhsulların satışı taktikası ilə bağlı heç kəs irad tuta bilməz. Əgər şirkətin bazarda payı 35%-i aşmış olarsa, qiymətlərlə bağlı ondan irad tutmaq olar. Heç bu da birənalı deyil. Çünki, şirkət qiymət artırmını əsaslandıra bilər".

Hüquqşünasın fikrincə, bu dəqiqə Rəqabət Məcəlləsinin qəbul olunub-olunmamasının süni qiymət artımı ilə mübarizə məsələsinə aidiyyatı yoxdur: "Yalnız o halda təsir edə bilər ki, məcəllə qəbul olunduqdan sonra hər kəs ona ciddi riayət etsin. Həm də yeni qəbul ediləcək məcəllə mahiyyət etibarı ilə mövcud 3 qanundan ("Antiinhisar haqqında", "Təbii inhisar haqqında" və "Haqsız rəqabət haqqında") heç nə ilə fərqlənmir ki, ölkədə rəqabət mühiti dəyişsin. Ona görə də Rəqabət Məcəlləsini indiki vəziyyətdə qəbul etmək özü-özünü aldatmaq və təkrarçılıqdır. Qeyri-adi müddəalar yoxdur. Yəni, bugünkü normativ hüquqi aktlarla belə yenə də süni qiymət artımının qarşısını almaq olar. Problem qanunvercilikdə yox, onun icra edilməsindədir".

Ekspertin fikrincə, məcəllənin qəbulunun gecikməsinin bir sıra səbəbləri var: "İlk növbədə rəqabət qanunverciliyi öz-özülüyündə bir hüquqi sənəd kimi çətin qanunvercilikdir. Gecikmənin bir səbəbi odur ki, keçmiş SSRİ–nin digər ölkələri kimi Azərbaycanın da rəqabətlə bağlı təcrübəsi azdır. Digər məsələ, təcrübənin və bilginin olmaması məsələsidir. Hətta akademik səviyyədə bu məsələləri bilən adamların sayı çox azdır. Digər tərəfdən, rəqabət qanunverciliyi ölkənin bazisinə təsir edən məsələdir. Bu, yalnız iqtisadi, hüquqi hadisə deyil. Bu, həm də siyasi və dərin sosial nəticələr doğuran məsələdir. Ona görə də hansısa digər məcəllələr kimi asanlıqla qəbul oluna bilmir".

Ancaq Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə hesab edir ki, süni qiymət artımının qarşısını almaq üçün üçün ən yaxşı variant Rəqabət Məcəlləsinin qəbuludur: "Rəqabət Məcəlləsi qəbul edilsə, ümumilikdə bazar iqtisadiyyatında mühüm irəliləyişlər olacaq. Düzdür, demokratik dövlət quruluşunda bazarı stabilləşdirmək asan məsələ deyil. Lakin Rəqabət Məcəlləsi inhisarçılığın, süni qiymət artımının qarşısı almaqda köməklik edir".