Cənub sərhədlərimizdə nüvə təhdidi sovuşur

2 Aprel 2015 04:00 (UTC+04:00)

İsveçrənin Lozanna şəhərində Birləşmiş Ştatlar, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya rəsmilərinin İran tərəfi ilə apardıqları danışıqlar dünya dövlətləri tərəfindən böyük diqqətlə izlənilir. Onlar Tehranın nüvə proqramına məhdudiyyətlər qoymaq və əvəzində İrana iqtisadi sanksiyaları qaldırmaq istəyirlər. Belə görünür ki, bir çox məsələlər üzrə razılıq əldə olunub.

Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, tərəflər əsaslı məsələlər üzərində razılıq əldə ediblər. Onun sözlərinə görə, İranla nüvə proqramıyla bağlı müqavilə iyun ayının sonunda imzalana bilər. Bu vaxta qədər isə layihə ilə bağlı texniki detallar dəqiqləşdiriləcək. O həmçinin İran və "Altılıq" arasında olan razılaşma özündə sanksiyaların ləğvi ilə bağlı genişləndirilmiş təklifləri cəm etdiyini vurğulayıb. Lakin bu razılıq İranın nüvə proqramına görə, regionda yaranan təhdidlərin hələ tam aradan qalxması demək deyil. Məsələ bundadır ki, İranla razılığa İsraildə birmənalı yanaşma yoxdur və İsrailin İranın nüvə obyektlərinə zərbə endirə biləcəyi istisna olunmur. Bu günlərdə ABŞ mediasında məlumat yayılmışdı ki, İsrail İranın nüvə obyektlərinə zərbə üçün təyyarələrini havaya qaldırıb. Lakin ABŞ-ın razılığı olmadığından zərbə planlarından vaz keçib. Belə iddialar da səslənir ki, bu dəfə İsrail ABŞ-ın razılığı olmadan İranın nüvə obyektlərini vura bilər.

Yeri gəlmişkən qeyd edək ki, Qərb mediasının yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu Lozanna danışıqlarından xeyli əsəbilik keçirir və onun gedişatından bərk narahatdır. Təhlilçilər Netanyahunın əsəbiliyini, bağlı qapılar arxasında keçirilən Lozanna danışıqlarında saziş əldə edilə biləcəyinin işarəsi kimi qiymətləndirirlər, beləki o, məxfi danışıqlardan kənarda olsa da, oradakı vəziyyətdən ən xəbərdar birisi kimi tanınır. ə "The Wall Street Journal" qəzeti yazır ki, Ağ Ev rəsmiləri İsrali Qərb-İran danışıqlarında ABŞ-ın əleyhinə casusluq etməkdə, administrasiya ilə Konqresi toqquşdurmaq cəhdində günahlandırırlar. Netanyahu bəyan edib ki, İranla danışıqlarda onun ölkəsinin ən qorxulu ehtimalları və hətta bundan da pisi doğrulmaqdadır. İsrail hesab edir ki, danışıqlarda əldə olunan razılıqlardan istifadə edərək İran nüvə silahı hazırlamaqda davam edəcək. Tehran nüvə proqramının dinc məqsədli olduğunu desə də, İsrail onun nüvə silahlı əldə etməyə çalışmasından şübhələnir.

Ekspertlər isə İranın nüvə proqramı ətrafında yaranan mübahisənin dinc yolla tənzimlənməsinin zəruri olduğunu bildirir və bunun region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Politoloq Rasim Musabəyov "Azadlıq" radiosuna açıqlamasında deyir ki, bu danışıqların Azərbaycana birbaşa təsiri var. Çünki Azərbaycan həm İranla yaxın qonşudur, həm də tərəfdaş: "Əvvəla Azərbaycanın qonşuluğunda olan bir ölkədə nüvə hazırlanması bütün dünya, özəlliklə, region və qonşu ölkələri bir başa təhlükəyə atır. İkinci tərəfdən, İran nüvə proqramını davam etdirərsə hərbi əməliyyatlar qaçılmaz ola bilər, bu da Azərbaycana öz mənfi təsirini edir. İrana sanskiyaların qoyulması da mənfi haldır. Çünki bu zaman Azərbaycan da məcburdur hansısa məhdudiyyətlər etsin. Bu da tərəfdaş, qonşu ölkələr üçün yaxşı hal deyil. Bu baxımdan Azərbaycan üçün ən sərf edən variant tərəflərin razılığa gəlməsidir. Regionda sülh və əmin-amanlığın olması Azərbaycan üçün olduqca önəmlidir".

Xatırladaq ki, İran 13 ildir uran zəngiləşdirilməsi proqramı üzərində çalışır. Qərbdə indiyə qədər hesab edilir ki, İrann üvə silahı üzərində işləyir. Rəsmi Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir. Bu ziddiyyətə görə, Qərb İrana qarşı bəzi sanksiyalar tətbiq edib. Hazırda danışıqların uzunmasına əsas səbəb kimi nüvə proqramının müvəqqəti dayandırılması müddəti göstərilir. Belə ki, İran proqramı 10 ildən sonra davam etdirməyi, Qərb isə proqramın 10 ildən çox dayandırılması istəyir. Tərəflər arasında yekun razılıq cari ilin iyun ayının sonuna kimi imzalanmalıdır.