Dünya Bankının Azərbaycanda yeni meneceri təyin olunub
16 Avqust 2012 13:29 (UTC+04:00)
Dünya Bankı (DB) Azərbaycan üzrə
yeni menecerini təyin edib. İlk dəfə olaraq bu vəzifəni qadın
icra edəcək. DB-nın Azərbaycandakı nümayəndəliyindən "APA-ECONOMICS"ə verilən məlumata
görə, bu vəzifəyə bundan öncə DB-nın Cənubi Qafqaz üzrə proqramın
koordinatoru vəzifəsində çalışan Larisa Lesçenko təyin olunub:
"Ukrayna vətəndaşı olan Lesçenkonun vəzifənin icrasına sentyabrın
1-dən etibarən başlayır. Lakin o, Azərbaycana oktyabr ayında
gələcək və həmin ay yeni menecer Azərbaycan hökumətinə rəsmən
təqdim olunacaq".
Qeyd edək ki, bundan öncə bu vəzifədə Cozef Ouen çalışıb və artıq
cari ilin iyulun sonunda onun səlahiyyət müddəti bitib. Üç il bu
vəzifədə çalışan C.Ouen fəaliyyətini DB-nin Vaşinqtonda yerləşən
baş ofisində davam etdirir. "DB-nın siyasətinə görə, bu vəzifəyə 3
il müddətinə təyinat olur və bu müddət başa çatdıqdan sonra həmin
şəxsin səlahiyyət müddəti daha 1 il artırıla bilər. C.Ouendən öncə
bu vəzifədə çalışan Qreqori Yedjeyçak məhz 4 il Azərbaycanda
fəaliyyət göstərib.