Rusiya Qarabağa görə Ermənistanı küncə dirəyəcək…

2 Aprel 2015 09:00 (UTC+04:00)

Məlumat verildiyi kimi bu ay Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri gözlənilir. Bu ərəfədə belə fikirlər səslənir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Madrid prinsiplərinin işə düşməsi üçün Putin Ermənistana təzyiq edə bilər. Aydın məsələdir ki, Ermənistan tamamilə Rusiyadan asılıdır. Bu ölkə Rusiyanın forpostu rolunda çıxış edir və İrəvan atdığı addımları demək olar ki, bütün hallarda Kreml ilə razılaşdırır.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, hər şey Ermənistanın Rusiya üçün əhəmiyyəti və Moskvanın Azərbaycanla münasibətlərinin daha da inkişaf etdirilməsi, ona sabit, etibarlı, davamlı xarakter vermək niyyəti arasında balansı gözləməkdən asılıdır: "Azərbaycan Rusiya siyasətində dəfələrlə sübut edib ki, şimal qonşusu ilə münasibətlərə xüsusi önəm verir və bu ölkədən özünün əsas probleminin həllinə obyektiv münasibət gözləməkdə tam haqlıdır. Azərbaycanın Rusiya ilə münasibətlərinin son bir ildə gedən prosesləri göstərdi ki, iki dövlət arasında münasibətlərin daha da yaxşılaşdırılmasına inam, ehtiyac var və bunu etmək lazımdır. Rusiyada gözəl anlayırlar ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonunu işğal edib və öz işğalçı qüvvələrini orada saxlayır. Onlar bu istiqamətdə Azərbaycanın haqlı mövqeyini də yaxşı anlayırlar. Rusiyanın ayrı-ayrı siyasi dairələrində bu haqda obyektiv fikir söyləyənlərin sayı da artır. Bir məsələni də nəzərə almaq lazımdır ki, münaqişənin həllində Rusiyanın imkanlarının digər vasitəçilərlə müqayisədə çox olmasını Moskvada, Ermənistanda da bilirlər, Azərbaycanda da yaxşı anlayırlar. Tərəflər hansı razılığa gəlsə, Moskva da onu müdafiə edəcək fikirləri isə siyasi leksikondur. Bu, diplomatik fikirdir. Amma reallıqda Rusiyanın Ermənistana böyük təsir imkanları var. Rusiyada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin özünün ziyanına olmadığı fikri dominant olsa və bu baş verərsə, vəziyyət ümumən Kremlin maraqlarına da cavab vermiş olardı. Azərbaycan çox sadiq tərəfdaşdır, öhdəliklərinə ciddi yanaşır. Bütün bunlar nəzərə alınarsa, çox yaxşı olar. Amma Ermənistan da yatmayıb. Ermənistanın işğalçılıq mövqeyində qalmasında istinad etdiyi əsas qüvvə ölkənin ayaq üstə durması və işğalı davam etdirməsində başlıca imkan mənbəyidir. Məsələyə obyektiv yanaşılsa, münaqişənin ədalət prinsipi əsasında çözülməsi təkcə Azərbaycanın marağında olmazdı. Bu, bütün Cənubi Qafqaza, ona qonşu və sıx əlaqədə olan Rusiyanın da maraqlarına cavab vermiş olardı. Rusiyada qərar qəbul edənlər Azərbaycan dövlətinin etibarlılığını daim yadlarında saxlamalıdır. Rusiyada hakimiyyətdə olan siyasi qüvvələrin məsələyə münasibətindən çox şey asılıdır. Rusiyada anlamalıdırlar ki, Azərbaycan həm regionun əhəmiyyətli dövləti kimi sabitliyə töhfəsini verir, həm də beynəlxalq aləmlə əlaqələrində balans saxlayır. Yəni, Azərbaycandan heç bir dövlətə heç bir ziyan gəlmir. Rusiya dövlət başçısı ilə məsələnin müzakirəsi üçün KİV-lərdən göründüyü kimi, qarşıda imkanlar olacaq. Ona görə, Rusiya məsələyə obyektiv münasibətin yaranması tendensiyalarına başlasa, bu, region və onun təhlükəsizliyi, iqtisadi inteqrasiya üçün faydalı olar. Həm də bir presedent olardı ki, digər konfliktlərə nisbətən bu cür ağır münaqişəni yerindən tərpətmək mümkündür. Onda regional çərçivədə bu məsələlərin həllinin mümkünlüyü presedenti yaranardı və bu, bütün tərəflər üçün yaxşı olardı. KİV-də bütün tərəflərin təhlükəsizliyinə uyğun gələn variantların cücərməsinə şərait yaradan vəziyyəti görməyə hamının haqqı var".

Politoloq Elşən Manafov isə qeyd edir: "Ermənistan müstəqil dövlət, müstəqil siyasət yütürmük iqtidarına malik deyil. Putinin bu səfəri Ermənistanın qeyri-konstruktivliyi ilə bağlı məsələlərdə Moskvanın hansısa təzyiqinin güclənməsinə dəlalət etmir. Onsuz da Rusiya Ukrayna məsələsilə bağlı Qərblə ciddi qarşıdurma yaşayır. Bu mənada Putinin qısa zaman kəsiyində Cənubi Qafqazı güzəştə gedəcəyini istisna edərdim. Putin Ermənistana olan son səfərində də qeyd etmişdi ki, hansı tərəf Rusiyanın Cənubi Qafqazdan geri çəkiləcəyini düşünürsə, ciddi yanlışlığa yol verirlər. Putin Azərbaycanla münasibətlərin strateji əhəmiyyətinə önəm verir. Rusiyada indiki hakimiyyətin Azərbaycana az-çox sıcaq münasibəti var. Amma bu, o demək deyil ki, Moskva özünün Cənubi Qafqazla bağlı maraqlarından geri çəkiləcək. Qarabağ münaqişəsi əslində, Rusiyanın bu regionda təsirinin saxlanılması fonunda nəzərdən keçirilir".