Milli Qəhrəman Fərhad Hümbətovun anım mərasimi keçirilib
1 Aprel 2015 18:35 (UTC+04:00)
Binəqədi rayonunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda
gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycan
Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad
Hümbətovun anım mərasimi keçirilib. Movqe.az xəbər verir ki, Binəqədi rayon Rəsulzadə
bələdiyyəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə Binəqədi Rayon
İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rəsulzadə
bələdiyyəsinin sədri Hümbət Hüseynov, Milli Qəhrəmanın ailə
üzvləri, yaxınları, cəbhə yoldaşları, orta məktəb şagirdləri və
ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq
Mühafizə Orqanları Veteranları Şurası Rayon şöbəsinin sədri Telman
Hətəmov və "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid
ailələri" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham
Qayıbzadə belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik
tərbiyəsində mühüm rol oynadığını bildirdilər. Milli Qəhrəmanın
anası Salatın Hümbətova oğlunun keçdiyi qısa, lakin mənalı və
şərəfli həyat yolundan danışaraq dövlət tərəfindən onlara
göstərdiyi diqqət və qayğını minnətdarlıqla qeyd etdi.
Daha sonra tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının
müavini Aygün Əliyeva çıxış edərək Azərbaycanın ərazi bütövlüyü
uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad
Hümbətovun timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın
cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi
səciyyələndirdi. A.Əliyeva şəhid ailələrinin dövlət qayğısı ilə
əhatə olunmasına toxunaraq bu məsələnin möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə
sevinci yaşayacağımızı vurğuladı.
Anım tədbiri Binəqədi rayonu 299 saylı məktəb-liseyin şagirdlərinin
ifasında bədii kompozisiyanın təqdim edilməsi və məktəblilərin
Milli Qəhrəmanın abidəsi önünə güllərin düzülməsi ilə
yekunlaşdı.