Azərbaycanın 4 şirkəti Gömrük İttifaqına ixrac icazəsi aldı

2 Aprel 2015 11:40 (UTC+04:00)

Azərbaycanın 4 şirkətinin - "Atena", "Milk-Pro", "Ucar Aqro" və AZFP CO LTD-nin məhsulları Gömrük İttifaqının (Rusiya, Belarus və Qazaxıstan) malların reyestrinə daxil edilib. Bunu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, bu şirkətlərin məhsulları Gömrük İttifaqı ölkələrində qüvvədə olan baytarlıq və fitosanitar tələblərinə tam cavab verir. Xatırladaq ki, ötən ilin dekabrında Gömrük İttifaqı ölkələrinin auditor komissiyası Azərbaycanda olarkən ət və süd müəssisələri, quşçuluq təsərrüfatlarında məhsulların keyfiyyətininin ixrac normalarına uyğunluğunu yoxlayıblar. Y.Xanvəli qeyd edib ki, digər şirkətlərin məhsullarında aşkar edilmiş problemlər öyrəniləcək: "Bu problemlərin həlli barədə auditor komissiyasına bildirilib. Bundan sonra onlar da Gömrük İttifaqının malların reyestrinə daxil edilə bilərlər".