Tələbələr üçün iş yerləri

2 Aprel 2015 11:48 (UTC+04:00)

Movqe.az xəbər verir ki, mayın 23-də Heydər Əliyev Mərkəzində Azərbaycan Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") və "British American Tobacco" şirkətinin birgə təşkilatçılığı ilə tələbələr üçün ümumrespublika əmək yarmarkası keçiriləcək.  Yarmarka işəgötürənləri, III-IV kurs bakalavr və magistratura tələbələrini bir araya toplamaqla gənclər üçün iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq. 

Əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübə keçməsinə, həmçinin, onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və yerli şirkətin iştirakı nəzərdə tutulub. Onlar yarmarkaya 300-dən çox vakansiya ilə bağlı məlumatla qatılacaq. Bundan başqa, ilk dəfə olaraq bu yarmarka çərçivəsində işəgötürənlərlə tələbələr arasında tədbirdən əvvəl əlaqələr yaradılacaq, müəssisələr namizədlər haqqında ətraflı məlumatlandırılacaq və tədbir günü üçün konkret şirkət nümayəndələri ilə müsahibələr təyin olunacaq. Bunun üçün tələbələr xüsusi proqram təminatı vasitəsilə may ayının 1-dək qeydiyyatdan keçməlidir. Bundan sonra şirkətlər müvafiq namizədləri yarmarka zamanı nəzərdə tutulmuş vaxtlarda müsahibəyə dəvət edəcəklər. Tədbirdə iştirak etmək istəyən tələbələr www.jobfair.az internet səhifəsinə daxil olmaqla qeydiyyatdan keçməlidir. Hazırda sözügedən əmək yarmarkası haqqında Azərbaycanın müxtəlif təhsil ocaqlarında məlumatlandırma görüşləri keçirilir. Əlavə məlumat üçün qaynar xətt: (+994 55) 282 80 07.