Peşə məktəblərinin kadr hazırlamaq problemi

2 Aprel 2015 14:40 (UTC+04:00)

Bu gün əmək bazarında elə iş yerləri var ki, uzun müddət həmin vakansiya üzrə işçi axtarılsa da, ixtisaslı işçi tapılmır. Respublikada fəaliyyət göstərən peşə məktəbləri müxtəlif sahələr üzrə ixtisaslı mütəxəssislər hazırlasalar da, ya həmin işçilərin işi sahibkarları razı salmır, yaxud da hazırlanan mütəxəssislər əmək bazarında özlərinə iş tapa bilmir. Peşə məktəblərində kadr hazırlığı məsələsinə bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov da toxunub. Nazir bildirib ki, yerli əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrlar tapılmır. Onun sözlərinə məcbur olub, qonşu, bəzən də hətta qonşu olmayan ölkələrdən peşəkarlar, işçi qüvvəsi dəvət edilir: "Bu baxımdan peşə təhsilinin qarşısında bu yeni imkan və çağırışdır. Biz o səviyyədə bu işi görməliyik ki, dünyadakı ən yüksək keyfiyyət standartına uyğun olsun".

Nazir turizm sahəsindəki obyektlərin, hotellərin idarə edilməsində kadr ehtiyacının olduğunu da vurğulayıb.

Qeyd edək ki, turizm sahəsində kadr qıtlığı problemi həmişə hiss olunur. Turizm obyektlərində xidmət sahəsində ixtisaslı kadr tapılmadığından, bu boşluq bu sahədə iş təcrübəsi olan insanlarla doldurulur. Nəticədə turizm obyektlərinin xidmət sahəsində ciddi qüsurlar ortaya çıxır, müştəri narazılığı yaranır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov Movqe.az-a açıqlamasında Azərbaycanda peşə məktəblərinin kadr hazırlığı ilə bağlı sisteminin yenidən qurulmalı olduğunu bildirib. Ş. Xələfov deyib ki, bu gün əmək bazarında geniş müayinə, təhlil aparılmalı, bundan sonra peşə məktəblərində kadr hazırlığı ilə bağlı ixtisaslar müəyyənləşdirilməlidir: "Peşə məktəblərində bu gün müxtəlif sahələr üzrə kadrlar hazırlanır. Amma bunlar elə sahələrdir ki, o sahədə işçi çatışmazlığı, kadr qıtlığı problemi yoxdur. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Regional Peşə Tədris Mərkəzlərində də də, Təhsil Nazirliyinin tabeliyində olan müxtəlif peşə məktəblərində də, kadrlar hazırlanır. Amma elə sahələr var ki, ixtisaslı kadr tapılmır. Məsələn, bu gün müasir texniki avadanlıqları təmir edən usta problemi var. Tibb müəssisələri var ki, müasir tibbi avadanlıqlardakı hansısa nazaslığı aradan qaldırmaq üçün usta axtarır, amma həmin avadanlıqlardan başı çıxan usta yoxdur. Ona görə də bu problemi aradan qaldırmaq üçün əmək bazarının tələbatı öyrənilməli, əməlli-başlı təhlil aparılmalıdır. Hansı sahələrdə kadr yoxdursa, peşə məktəbləri o sahələr üzrə kadr hazırlığı aparmalıdır ki, peşə məktəblərini bitirənlər əmək bazarında özlərinə iş tapa bilsinlər".