Hacı Nuran elçi oldu (FOTO)
2 Aprel 2015 17:10 (UTC+04:00)
"Bakı-2015" jurnalist Nuran Hüseynovu Avropa
Oyunlarının elçisi elan edib.
Movqe.az-ın verdiyi məlumata
görə, "Bakı-2015" Birinci Avropa Oyunlarının Ulduz Elçilər
komandasına yeni qoşulan tanınmış şəxsin adını açıqladı. Bu, məşhur
televiziya aparıcısı və xeyriyyə layihələrinin müəllifi olan Nuran
Hüseynovdur.
Nuran Hüseynov xeyriyyəçilik mövzusunda televiziya
verilişləri vasitəsilə sağlam həyat tərzinin təbliği üçün gördüyü
işlərlə daha çox Hacı Nuran kimi tanınır. İdmana böyük marağı var
və 13 il üzgüçülüklə və 2 il şahmatla məşğul
olub.
Nuran Hüseynovun komandaya qatılması ilə
"Bakı-2015"in mədəniyyət sahəsindən seçilən Ulduz Elçilərinin sayı
15-ə çatdı.
Azərbaycanın gənclər və idman naziri,
"Bakı-2015"in baş icraçı direktoru cənab Azad Rəhimov Nuran
Hüseynovu Birinci Avropa Oyunlarının son Ulduz Elçisi kimi
salamlamaqdan məmnun olduğunu bildirib: "Nuran Azərbaycanda
tanınmış jurnalistlərdəndir və öz tamaşaçılarının böyük rəğbətini
qazanıb. O, Ulduz Elçi olaraq "Bakı-2015"in dəyərlərini təbliğ
etməyə kömək edəcək. Nuran "Bakı-2015" komandası üçün layiqli sima
və mükəmməl seçimdir".
Nuran Hüseynov müğənnilər Tünzalə Ağayeva, Röya,
Miri Yusif, Avroviziya mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov
və Nigar Camal, aktyorlar Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir
və Cabir İmanovlar, musiqiçi DJ Shock, eləcə də, tanınmış
aparıcılar Murad Dadaşov, İlkin Həsəni və Azər Qəribdən sonra
növbəti Ulduz Elçi oldu.
Bu barədə Nuran Hüseynov aşağıdakıları bildirdi:
"İlk Avropa Oyunlarının Ulduz Elçisi seçildiyim üçün qürur hissi
duyuram. İdman hər zaman məni ruhlandırıb, idmanın insanları bir
araya gətirməyə və sağlam həyat tərzini təlqin etməyə yardımçı
olduğuna inanıram.
"Çətinlikləri dəf etmək həyatın bir hissəsidir və
idmançılar həyatlarının hər gününü fədakarlıq və öhdəliklə
yaşayırlar. Gəncləri idmana cəlb etmək üçün çalışacağam, burda
iştirak etməyin yarada biləcəyi imkanları və digər üstünlükləri
təbliğ edəcəyəm".
Ulduz Elçilər proqramı Birinci Avropa Oyunları
haqqında məlumatları ulduzların məşhurluğundan istifadə edərək,
onların çağırışı iləAzərbaycan və Avropadakı tamaşaçı kütləsinə
çatdırmağa "Bakı-2015"ə şərait yaradır. (ANSPRESS)