Manatın dollara nisbətən yenidən ucuzlaşmasına yol verilməyəcək

3 Aprel 2015 02:00 (UTC+04:00)

Azərbaycan üzən məzənnə siyasətinə keçidə tam hazır deyil. Bunu Milli Məclisin İqtisadi siyasət komitəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib: "Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir".

Baş bankirin sözlərinə görə, tam üzən məzənnə siyasətinə keçid üçün ölkədə çoxlu sayda valyuta qazanan təşkilatlar olmalıdır: "Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var. Bu, Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyatda böyük əsəbilik yarada bilər. Buna görə də, biz tam olaraq üzən məzənnə siyasətinə keçmirik, idarəedilən məzənnə siyasətinə keçmişik".

Mütəxəssislər də baş bankirin dediklərinə dəstək verirlər. Hesab olunur ki, hazırda Azərbaycanın üzən valyuta siyasətinə keçid məqbul deyil. Məsələ ilə bağlı millət vəkili Əli Məsimli "Mövqe"yə bildirdi ki, manat xammal ticarətinin valyutasıdır: "İnzibati yolla tənzimlənir. Artıq yeni kurs müəyyənləşib. Manatın, bütövlükdə Azərbaycan iqtisadiyyatının neftə bağlılığı daha güclüdür. Neftin qiyməti qalxdıqda manat da dollara nisbətən bahalaşır, qiymət düşəndə isə ucuzlaşır. Qalan sferalarda bizim elə də valyuta cəlb edən sahələrimiz yoxdur. Ona görə də manatın kursunun indiki üsulla tənzimlənməsindən üzən valyuta prinsipinə keçilməsi Azərbaycan üçün ciddi fəsadlara gətirib çıxara bilər. Yəni, biz hələ üzən valyuta siyasətinə keçməyə hazır deyilik".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyevin sözlərinə görə, bu gün Azərbaycan manatının üzən məzənnəyə keçməsi yaxşı vəd deyil: "Çünki, üzən məzənnəyə o vaxt keçilə bilər ki, neftdən asılılıq minimum səviyyəyə endirilsin. Bu gün üzən valyuta siyasətinə keçmək düzgün qərar olmazdı. Üzən valyuta siyasətinə keçmək o deməkdir ki, dövlət manatın məzənnəsinin formalaşmasına təsir etməyəcək. Məzənnə manata olan tələb əsasında formalaşacaq. Yəni, Azərbaycan məhsuluna, xidmətinə, istehsalına tələb yaranırsa, manata ehtiyac da o nisbətdə olur. Manatın dəyəri o səviyyədə qalxır. Nefti dollarla satdığımız müddətdə daxili istehsal istənilən həddə inkişaf etməyibsə, dünya bazarına qeyri-neft sektoru məhsulu az ixrac ediriksə, manatın təminatı yoxdur. Bu günə qədər manatın məzənnəsi tənzimlənib. Ancaq indiki şəraitdə üzən məzənnə keçmək üçün xüsusi hesablamalar aparılmalıdır. Onsuz bu gün dollarlaşma yüksək səviyyədə gedir. Belə bir vəziyyətdə dəqiq hesabatlar olmadan manatın mzənnəsini üzən şəklə salmaq onun həddindən artıq ucuzlaşmasına gətirib çıxara bilər. Ona görə də yaxın perspiktivdə buna gedilməsi real görünmür. Mərkəzi Bank bunu həyata keçirməyi planlaşdırmır".