Bakı-Tiflis-Ankara üçbucağında hərbi əməkdaşlıq genişlənir

3 Aprel 2015 05:00 (UTC+04:00)

Xəbər verildiyi kimi, aprelin 2-də Tiflis şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri Mindia Canelidze və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib. Zakir Həsənov jurnalistlərə müsahibəsində deyib ki, bu, sayca sözügedən formatda ikinci görüşdür. Bu görüşdə üçtərəfli formatda münasibətlərin inkişafı, eləcə də əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində danışıqlar aparılıb. Əməkdaşlığa dair üçtərəfli sazişin imzalanması da xüsusi diqqət mərkəzindədir.

Şərhçilərin fikrincə, sözügedən saziş üç ölkə arasında birgə hərbi birliyin yaranmasını da nəzərdə tutur. Hansı ki, bu birlik regionda enerji ixracatı xətlərinin qorunmasına xidmət edəcək. Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında ilk dəfə olaraq üçtərəfli görüş ötən ilin iyun ayında Brüsseldə keçirilmişdi. Daha sonra bu formatda görüş Naxçıvanda baş tutub.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirir ki, son vaxtlar Azərbaycan hərbi sahədə ikitərəfli deyil, üç və çoxtərəfli görüşləri, münasibətləri genişəndirir: "Bu çərçivədə Azərabaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq diqqəti cəlb edir. Bu, artıq yalnız danışıqlar səviyyəsinə deyil, praktiki şəkildə də həyata keçirilir. Çünki, nazirlər əvvəl də görüşüblər. İndi Gürcüstandakı görüş yəqin ki, gələcək üçtərəfli sazişin son mərhələlərini müzakirə etmək üçündür. Türkiyə Silahlı Qüvvələri faktiki olaraq, Gürcüstan Silahlı Qüvvələrinin NATO-ya üzvlüyünü tam şəkildə həyata keçirən qurumdur. Artıq Gürcüstan NATO-nun yaxın məsafəsindədir. Türkiyə var gücü ilə onu NATO-ya hazırlayır. Bu məsələdə eyni zamanda Azərbaycanın da müəyyən mərhələlərdən keçməsini Türkiyə öz üzərinə götürüb. Yəqin ki, Azərbaycan da gec-tez bu məsələdə öz mövqeyini ortaya qoyacaq. Ən əsası isə burada hərbi əəmkdaşlıqdan çox, ölkələr arasında olan enerji layihələrinin qorunması məsələsidir. Onsuz da NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində tərəflər bir-birinə dəstək verir. Eyni zamanda hərbi təhsil sahəsində də müyyən işlər görülüb. Amma enerji layihələrinin təhlükəsizliyi ən prioritet məsələlərdən biridir. Məhz buna görə müdafiə naziri Gürcüstandadır".

Ekspertin sözlərinə bu görüş böyük bir sənədin yekun mərhələsidir: "Bu sənəd yaxın zamanlarda imzalanacaq. Çünki, nazirlərdən əlavə, həm də dövlət başçıları görüşüblər. Yaxınlarda belə bir görüş Türkiyədə baş tutub. Geridə qalan praktiki işləri hərbiçilər görməlidir. Böyüjk ehtimal ki, ilin birinci yarısında həmin vacib sənəd tərəflər arasında imzalanacaq. Bu, təxmini hərbi birliyi göstərən sənəddir. Xüsusi ayrılmış hərbi birlik olacaq. Birinci mərhələdə enerji layihələrinin mühafizəsi məsələsini həyata keçirəcək. İndiki mərhəldə üçtərəfli əməkdaşlığın istiqamətləri müəyyənləşdirilir. Həmin istiqamətlər əsasında da fəaliyyət göstəriləcək. Ancaq bu birliyin gələcəkdə sülhyaratma missiyasında iştirak etməsi ikinci mərhələdədir. Hətta deyə bilərik ki, artıq mini hərbi birlik formalaşıb. Sadəcə olaraq, onun prakiki fəaliyyəti üçün sənəd imzalanır. Sənəd hazır olandan sonra tez-tez hərbi təlimlərin şahidi olacağıq. Eyni zamanda birgə missiyalar da baş tutacaq. Amma həmin hərbi birliyin hər üç dövlət ərazində münaqişəli yerlərdə istifadə olunması ehtimalı azdır. Ola bilsin ki, gələcəkdə belə bir məsələ müzakirə edilsin. Amma bunun da xeyli beynəlxalq yükü var".