NASA asteroidlərin hərəkətini idarə etməyi öyrənəcək

2 Aprel 2015 21:40 (UTC+04:00)

NASA -Amerika Kosmik Agentliyi Asteroid Redirect Mission (ARM)- asteroidin hərəkətinin istiqamətini dəyişdirmək üzrə missiyanın təfərrüatlarını açıqlayıb. Nəzərdə tutulur ki, 2020-ci illərin ortalarında baş tutacaq missiya zamanı gələcəkdə uzaq kosmosa ekspedisiyaları, o cümlədən Mars missiyası üçün ekspedisiyanı yoxlamaq imkanı yaranacaq. Missiya çərçivəsində xüsusi robot vasitəsilə asteroiddən daş götürülərək Ayın orbitinə gətiriləcək və orada astronavtlar onu tədqiq edəcəklər. Uçuş 6 ilə yaxın davam edəcək. Beləliklə, təqribən 2020-ci illərin ortalarında NASA öz astronavtlarını asteroidi öyrənmək üçün göndərəcək. Bu məqsədlə məhz hansı asteroidin seçiləcəyi 2019-cu ildən (yəni kosmik aparatın buraxılmasından bir il əvvəl) tez məlum olmayacaq. Hələlik namizədlərin sayı üçdür- Itokawa, Bennu və 2008 EV5.

Missiyanın əsas hədəfi yeni kosmik texnologiyaları sınaqdan keçirməkdir. Belə ki, ARM çərçivəsində kosmosda naviqasiyanın yeni üsulu və hərəkət trayektoriyasının seçimi yoxlanılacaq. Bundan əlavə, Yerin kosmik obyektlərdən mühafizəsinin yeni üsulu da sınaqdan keçiriləcək: alimlər asteroidin hərəkət istiqamətini dəyişməyiə cəhd edəcəklər.

Xatırladaq ki, bir neçə ay əvvəl NASA Veneraya pilotlu uçuşu nəzərdə tutan layihə barədə məlumat verib. Planetin səthində yaşayış mümkün deyildir, buna görə də astronavtların həyatı üçün kiçik fəza yaratmaq və enerji almaq üçün günəş batareyaları ilə təchiz ediləcək 129 metrlik HAVOC dirijablından istifadə etmək təklif olunur.