Yəməndə üsyançılar prezident sarayını ələ keçirdi

3 Aprel 2015 10:15 (UTC+04:00)

Husi üsyançıları Yəmənin Ədən şəhərində prezident sarayını ələ keçiriblər. Movqe.az-ın məlumatına görə, "Ənsar Allah" hərəkatının tərəfdarları olan husi-şiə üsyançıları aprelin 2-də Yəmənin Ədən şəhərindəki "Əl-Maaşiq" prezident sarayına hücum ediblər.Ordu hissələrinin dəstəklədiyi üsyançılar prezident sarayını yerli əhalidən təşkil olunmuş könüllülərdən ibarət xalq müqavimət komitəsinə qarşı apardıqları ağır döyüşlərdən sonra ələ keçirməyə nail olublar. Hazırda respublikanın cənub paytaxtının bəzi rayonlarında küçə döyüşləri gedir.Sky News Arabia telekanalı bu gün Ədən şəhərində baş verən döyüşlər zamanı aralarında 20 husi döyüşçüsünün də olduğu ən azı 44 nəfərin öldüyünü bildirir.Bir qədər əvvəl üsyançılar Rusiyanın Ədən şəhərindəki baş konsulluğuna soxularaq onu qarət ediblər.Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın Yəməndə şiə üsyançılarına qarşı apardığı "Qətiyyət tufanı" əməliyyatı martın 26-na keçən gecə başlayıb. Koalisiya hələlik hava zərbələri ilə kifayətlənsə də, yaxın zamanlarda yerüstü əməliyyatların keçirilməsi gözlənilir. Ər-Riyad müdaxilənin məqsədinin Yəməndə qanuni prezidentin hakimiyyətinin bərpa olunmasına yönəldiyini qeyd edir.Lakin ərəb koalisiyasının intensiv hava zərbələrinə baxmayaraq, üsyançılar nəinki tutduğu mövqelərdən çəkilmir, eyni zamanda ölkənin bəzi bölgələrində hücum əməliyyatları aparırlar.Son məlumata görə, husilər bu gün Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən postuna hücum ediblər. Hadisənin təfərrüatları barədə məlumat verilmir.Dünən isə krallığın Daxili İşlər Nazirliyi sərhəd zolağındakı toqquşmalarda yaralanmış bir hərbçinin öldüyünü açıqlayıb. Bu, Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsindən ötən müddətdə verdiyi ilk itkidir.