1433 xəstə nazirdən xaricdə müalicə üçün kömək istəyib

3 Aprel 2015 15:09 (UTC+04:00)

Azərbaycanda müalicəsi mümkün olmayan xəstəliklərlə bağlı bir çox vətəndaşımız dövlət hesabına xaricə müalicəyə göndərilir. Proses 2005-ci ildən indiyə qədərki dövrü əhatə edir. Movqe.az xəbər verir ki, Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya"nın katibi İradə Əliyeva modern.az-a açıqlamasında 2014-cü ildə də müraciət edənlər və müalicə üçün xaricə göndərilənlər olduğunu deyib: "2014-cü ildə ümumilikdə komissiyaya Heydər Əliyev Fondundan, Prezident Administrasiyasından, Səhiyyə Nazirliyindən 595 məktub daxil olub. 1433 vətəndaş isə ərizə ilə müraciət edib". Nazirlik rəsmisi qeyd edib ki, müraciətlərin böyük əksəriyyəti nevroloji xəstəliklərlə bağlı olub: "Müraciətlər əsasən nevroloji xəstəliklərlə və reabilitasiya ilə bağlı olub.

Komissiyaya daxil olan müraciətlərin hamısına iclaslarda baxılıb. Cəmi 2 nəfər respublikadan kənarda müalicə almaq üçün göndərilib. Qalan vətəndaşlar isə respublika daxilində yerləşən dövlət, özəl, təsərrüfat hesablı mülaicə-profilikatika mərkəzlərində müalicəyə göndərilib. Müraciət edənlərdən heç kəs diqqətdən kənarda qalmayıb".İradə Əliyeva deyib ki, nazirliyin Türkiyə xəstəxanaları ilə müqaviləsi olduğundan ötən il müalicə üçün göndərilən 2 vətəndaş da məhz ora göndərilib.Komissiya katibi onu da bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki əməkdaşı da komissiyada təmsil olunur: "Bu il 28 nəfər, ötən il isə 85 nəfər, həmçinin 76 nəfər 18 yaşa qədər vətəndaşımız reabilitasiya məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə xaricə müalicəyə göndərilib".Komisiya 2005-ci ildə təşkil olunub. Nazir Oqtay Şirəliyevin müvafiq əmri əsasında yaradılan komissiyanın məqsədi ölkə daxilində müalicəsi mümkün olmayan insanların xaricdə sağalmasını təşkil etməkdir. Komissiyaya Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri daxildir.