Repetitorlar hələ də büdcəyə vergi pulu ödəmirlər

4 Aprel 2015 02:00 (UTC+04:00)

Bu gün yuxarı sinif şagirdlərinin böyük əksəriyyətinin ali məktəblərə qəbula hazırlıq üçün repetitor yanında getməsi birmənalı həqiqətdir. Təəssüf ki, artıq repetitor hazırlığına gedənlər sırasında son dövrlərdə aşağı sinif şagirdlərinin də sayı artır.

Bütün bunlar isə repetitorluq fəaliyyətinin genişlənməkdə olduğunu göstərir. Bu vəziyyətdə artıq belə fəaliyyətin lisenziyalaşdırılmasının zəruri olmasına dair səslənən təkliflərin sayı artır. Bu, həm də illik maliyyə dövriyyəsi artıq kifayət qədər yüksək olan repetitorluq fəaliyyətindən büdcəyə müəyyən həcmdə vəsaitin daxil olmasını şərtləndirər. Hazırda repetitorların böyük əksəriyyəti öz növbəsində vergi ödəyicisi deyil.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev hesab edir ki, repetitorlar sadələşdirilmiş vergi subyekti kimi vergiyə cəlb edilməlidir: "Onlar sadələşdirilmiş vergi subyekti olduğundan onların vergiyə cəlb edilməsi mexanizmi movcuddur. Əldə etdikləri gəlirdən Bakıda 4, regionlar üzrə isə 2% civarında vergi verməlidirlər. Amma bu gün onların əksəriyyətinin VÖEN-ləri yoxdur. Buna görə də dövriyyələri qeydiyyata alınmır və vergi ödəmirlər. Burada problem həm də ondan ibarətdir ki, repetitorların əksəriyyətinin vergi ödəməklə bağlı məlumatları yoxdur. Yəni, onlar bu istiqamətdə ciddi məlumatlandırılmalıdırlar. Repetitorlar düşünür ki, Azərbaycanda bu kimi fəaliyyətlə məşğul olan insanlar heç vaxt vergiyə cəlb olunmayıb deyə, onlar da vergi verməməlidirlər. Ancaq bu istiqamətdə ciddi məlumatlandırma aparılmalıdır ki, proses qanunvericilik əsasında tənzimlənsin. Həmçinin, unutmayaq ki, bu gün repetitorların sayı kifayət qədər çoxdur. Yəni, büdcəyə yüksək məbləğdə vergi ödənilə bilər. Bununla da müəllimlərin sosial vəziyyəti müəyyən qədər yaxşılaşdırmaq olar. Məlumatlandırma ilə yanaşı, inzibati üsulların tətbiqi mümkün ola bilər. Amma repetitorlar müəllim kateqoriyasına aid olduğuna görə, ilk növbədə məlumatlandırma üsuluna diqqət yetirməlidir. Məlumatlandırma tədbiri effekt verməzsə, inzibati üsullardan istifadə oluna bilər".

Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı ilk olaraq onu bildirdi ki, fərdi müəllimliklə məşğul olanların bacarığı dövlət tərəfindən müəyyən olunmuş standartlara cavab verdikdən sonra qeydiyyata alınmaq şərtilə onlara repetitorluqla məşğul olmaq hüququ verilməlidir: "Amma indiki halda repetitorların vergiyə cəlb edilməsini məqbul görmürəm. Bu, müəllimlərlə yanaşı, ailələrə müəyyən ziyan vuracaq. Hazırda repetitor fəaliyyətinin bu qədər geniş olmasına səbəb, orta məktəblərdə tədris proqramlarının kifayət qədər yaxşı yerinə yetirilə bilməməsindədir. Onları vergiyə cəlb etməzdən əvvəl müəllimlərin əmək haqları artırılmalıdır. Düzdür, əksər ölkələrdə repetitor fəaliyyəti vergiyə cəlb edilir. Lakin Azərbaycanda bu gün vergi tətbiq olunsa, dediyimiz kimi, müəllimlərə və ailələrə ziyan olacaq. Çünki, müəllim vergiyə görə məcburən qiyməti artıracaq".

Qeyd edək ki, Vergilər Məcəlləsində bu əməl sahibkarlıq fəaliyyəti hesab edilir. Məcəllənin 13.2.37-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir. Sadələşmiş vergi ödəyicisi kimi, Məcəllənin 220.1 maddəsinə görə, Bakı şəhərində işləyirsizsə rüb ərzində gəlirin 4 faizi, rayonlar üzrə 2 faizi qədər vergi ödənilməlidir. Uçota alınmadan fəaliyyət göstərdirildikdə isə Məcəllənin 58.2 maddəsinə görə 40 manat maliyyə sanksiyası tətbiq olunur.