Cəbhədə toqquşmalar intensivləşir

4 Aprel 2015 06:00 (UTC+04:00)

Cari il ərzində cəbhə zonasında baş verən toqquşmalar daha çox sayda erməni hərbçisinin məhv edilməsi ilə nəticələnib. Azərbaycan müdafiə naziri Zakir Həsənov da ermənilərin itkisinin böyük olduğunu təsdiq edib: "Ermənistan Silahlı Qüvvələri bu itkiləri gizlətsə də özlərinin açıqladıqları rəsmi məlumatlara görə, 30 hərbçi itiriblər. Müxtəlif saytların itkilər barədə yaydığı məlumatlarda isə bu rəqəm 50-yə gedib çıxır. Bu itki yalnız bu il baş verib. Mən rəsmi olaraq deyirəm ki, bu il cəbhədə 8 hərbi qulluqçumuz şəhid olub. Biz vətənimizi qoruyuruq, şəhidlərimiz vətən uğrunda canlarını veriblər. Ermənistan hərbçiləri isə təcavüzkardır və Azərbaycan işğal olunmuş torpaqlarında xidmət edirlər. Azərbaycan Prezidentinin dediyi kimi, əgər erməni əsgəri ölmək istəmirsə, Ağdama, Füzuliyə gəlməsin".

Ermənilərin bu qədər itki vermələri onu göstərir ki, hərbi toqquşmalar getdikcə daha intensiv xarakter almağa başlayır. Hazırda qoşunların təmas xəttində gərginlik pik həddə doğru yüksəlməkdədir. Özü də sırf Ermənistanüzündən. Amma bütün bunlara baxmayaraq, dünya birliyi, Minsk qrupu ermənilərin bu təxribatlarına hələ də lazımı reaksiya verməyiblər.

Politoloq Elman Nəsirovun fikrincə, dünya birliyinin cəbhədə vəziyyətin ermənilərin günahı üzündən gərginləşməsinə lazımı reaksiya verməməsi onların necə olur-olsun atəşkəsi qoruyub saxlamağa yönəlik addımları ilə bağlıdır: "Cənab Zakir Həsənovun qeyd etdiyi kimi, son zamanlar Ermənistan tərəfi cəbhə bölgəsində böyük itkilərlə üzləşməkdədir. Bu fonda bildiyimiz kimi, Ermənistanda erməni analarının etiraz dalğası da çoxalıb. Belədə artıq erməni anaları da müxalifətin əsas tərkib hissəsinə çevrilib. Faktiki olaraq, belə vəziyyətdə Ermənistan hakimiyyəti ciddi-cəhdlə çalışır ki, ölkə daxilindəki etiraz dalğasını səngidə bilsin. Bunun üçün də onlar cəbhə zonasında, sərhəddə növbəti təxribatlara əl atırlar. Belədə çalışırlar ki, yenə də ictimai firki daxili problemlərdən yayındırsınlar. Amma bu da effekt vermir. Vaxtilə bu cür yollarla daxili auditoriyanın fikrini yayındırmağa nail olurdular. Lakin indi bu təxribatların qarşısında Azərbaycan elə bir güc, potensial, qətiyyət nümayiş etdirir, ermənilər elə ciddi itkilərlə üzləşir ki, belədə Ermənistan hökumətinin ictimaiyyətin fikrini daxili auditoriyadan yayındırmaq üçün bu fənddən istifadə etmək cəhdləri də əks effekt doğurur. Belə davam edərsə, Ermənistanda erməni analarının hakimiyyətə qarşı böyük bir hərəkatı formalaşacaq. Bu halda da prezident Serj Sarkisyanın erməni analarının qarşısında duruş gətirə bilməsi müşkül məsələyə çevriləcək. ATƏT-in Minsk qrupunun fəaliyyətinə gəldikdə, bu fəaliyyət ümumən fəaliyyətsizlik kimi yadda qalıb. Vyanada onlar növbəti hesabatlarını bəyan ediblər. Burada qeyd ediblər ki, cari ilin sonunda prezidentlər səviyyəsində növbəti görüş keçiriləcək. Onların bütün bu görüşlərinin, regiona səfərlərinin, prezidentlər səviyyəsində görüş keçirmək niyyətlərinin arxasında bir məqsəd dayanır. O da necə olur-olsun, atəşkəsi qoruyub saxlamaqdan ibarətdir. Bu qurumun əsas niyyəti münaqişəni həll etmək yox, atəşkəsi qoruyub saxlamaq, münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaqdan ibarətdir. Bu il ATƏT-in yaranmasının 40 illik yubileyi qeyd olunacaq. Bu yubileyə nəinki ATƏT, onun Minsk qrupu da heç bir töhfə ilə getmək iqtidarında deyil. Çünki, ortalıqda konkret nəticələr yoxdur. Belə olan təqdirdə, haqlı olaraq sual yaranır ki, yaranmış vəziyyətə görə müqəssir kimdir? Birinci müqəssir, günahkar tərəf məhz işğalçının özüdür, eyni zamanda onu himayə edən dövlətlər, tərəflərdir. Burada böyük məsuliyyət düşür ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların üzərinə. Eyni zamanda, beynəlxalq ictimaiyyət də bu məsələdə məsuliyyət daşıyır. Onlar bir prosesə lazımi diqqət yetirsələr də, başqa bir prosesi sadəcə olaraq, müşahidə etməklə kifayətlənirlər".

Vəziyyətin belə saxlanılması isə, həmsöhbətimizə görə, nəticə etibarı ilə proseslərin son dərəcədə mürəkkəb ssenari üzrə inkişafına gətirib çıxara bilər: "Heç kim müharibənin başlaya biləcəyinə təminat verməyib. ATƏT-in Minsk qrupu cari ilin sonunda prezidentlər səviyyəsində görüşlər keçirmək istəyirsə, kim təminat verir ki, həmin vaxta qədər vəziyyət nəzarətdən çıxmaya bilər? Vəziyyətin nəzarətdən çıxmasının səbəbi də Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi və təxribat yönümlü addımlarıdır. Xüsusən də, keçən ilin oktyabrın 27-də, prezidentlərin Paris görüşündən sonra ermənilərin işğal etdikləri torpaqlarımızda 47 minlik qoşunla hərbi təlimlər keçirməsi, helikopter avantürasına əl atmaları, pilotsuz uçan aparatlardan istifadə etmələri, Azərbaycanlı girovlar üzərində "məhkəmə prosesi"nin həyata keçirilməsi və s. bu kimi addımlar sülh prosesinə son dərəcədə ciddi zərbə endirir. Təəssüf ki, ATƏT-in Minsk qrupu bundan hələlik nəticə çıxarmayıb. Onlarda belə ümid var ki, prosesi belə görüşlər keçirməklə nəzarətdə saxlaya biləcəklər. Bu düşüncə yanlışdır. Nə qədər ki, məsələyə belə yanaşma var, müharibənin başlanmayacağına heç kim təminat vermir. Bu səbəbdən ATƏT-in Minsk qrupu öz siyasətində dönüş etməlidir. Təcavüzkara münasibətdə BMT nizamnaməsinin 41-ci maddəsini işə salmalıdır. Bu maddədə qeyd olunur ki, təcavüz faktı varsa, belə olan təqdirdə, qeyri-dinc vasitələrlə təzyiq etmək lazımdır. Bu da effekt verməyəndə BMT nizamnaməsinin 42 maddəsi işə düşməlidir. Burada yazılıb ki, 41-ci maddə işləməyəcəyi təqdirdə, güc tətbiq etmək olar və o işə salınmalıdır. Hesab edirəm ki, bu reallıqlar nəzərə alınmayacağı təqdirdə, hazırkı status-kvo vəziyyəti qorunub saxlanılacaq. Bu status-kvo vəziyyətinin isə müharibəyə transformasiyası son dərəcədə real ola bilər".

Politoloq Elxan Şahinoğlu qeyd etdi ki, dünya birliyinin cəbhədə əməliyyatların gərginləşməsinə lazımı reaksiya verməməsi onların başının hazırda başqa məsələlər qarışması ilə bağlıdır: "Hazırda dünyanın aparıcı güclərinin diqqəti bildiyiniz kimi, başqa məsələlər qarışıb. Onlar hazırda Yəmən, İŞİD kimi məsələlərlə məşğuldurlar. Ona görə də lokal toqquşmalara diqqət ayıra bilmirlər. Ukraynanın özündə vəziyyət ağır olanda da müdaxilə edə bilmədilər. Güc-bəla ilə Minsk sülh razılaşması imzaladılar, lakin ona da ciddi riayət olunmur. Dağlıq Qarabağ məsələsinə gəldikdə, əslində, Azərbaycanın siyasəti dəyişib. Yeni müdafiə nazirinin təyin olunmasından sonra Azərbaycan cəbhə bölgəsində daha aktivdir. Keçən ilin avqust ayında erməni vertolyotu da vuruldu. Halbuki, ermənilər əvvəllər də işğal etdiyi ərazilərimizdə hərbi təlimlər keçirirdilər. Amma Azərbaycan o zamanlar prosesə daha ciddi şəkildə müdaxilə etmirdi. Artıq Azərbaycanın da siyasəti dəyişib. Dövlət başçısının da qeyd etdiyi kimi, erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Bu, o deməkdir ki, artıq Azərbaycan Ordusu Dağlıq Qarabağ və kənarda yerləşən bütün erməni postlarına zərbə endirəcək. Bu da bizim hüququmuzdur. Ermənilərin isə bu fonda itkiləri artır. Bu da Ermənistan daxilində problemlər yaradır. Mərkəzimiz adından proqnoz vermişəm ki, Bakıda baş tutan Avropa Oyunlarından sonra ola bilsin, Azərbaycan Ordusu müəyyən əməliyyat həyata keçirərək, Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun azad olunması istiqamətində addımlar atsın. Bu yolla həm beynəlxalq aləmə göstərmiş olacağıq ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə barışmırıq, həm də işğalçını geri addım atması üçün məcbur edə bilərik. Bu, hardasa Minsk qrupunu da canlandıra bilər. Ona görə, cəbhə xəttində Azərbaycanın bu aktiv siyasəti hələ davam edəcək. Ola bilsin, yay aylarında daha böyük lokal toqquşmaların şahidi olduq".