Cənubi Kipr Rum Rəhbərliyindən Türikyəyə qarşı xəyanətkar addım

3 Aprel 2015 18:50 (UTC+04:00)

Təxminən 6 ay əvvəl Şimali Kipr Türk Respublikası ilə müzakirələri təxirə salan Cənubi Kipr tərəfindən 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrin "soyqırım" adlandırılmamasını qadağan edən qanun qəbul olunub. Türkiyənin "Vətən" qəzetinin yazdığına görə, Cənubi Kipr parlamenti bununla bağlı müvafiq qanun qəbul edib. Parlamentin sədri Yiannakis Omirou qanunun qəbulunu alqışlayıb: "Bu qanunla parlamentimiz tarixi gerçəklərin üzə çıxmasına imkan yaradır".

Qeyd edək ki, 1974-cü ildə Türkiyənin Kiprə buradakı türkləri qorumaq üçün müdaxiləsindən sonra Cənubi Kipr Rum Rəhbərliyi qondarma "erməni soyqırımı"nı tanımışdı. Ancaq Cənubi Kiprdə mövcud qanunlar vətəndaşlara 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrin "soyqırım" adlandırılmamağa imkan verirdi. Lakin indi vəziyyət dəyişir və "soyqırımın" inkar edilməsi qanunla qadağan edilir. Bənzər qanun Fransa və İsveçrədə də var.

Məsələyə münasibət bildirən Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Cənubi Kipr Rum Rəhbərliyinin "soyqırımın" inkar edilməsinin qadağan edilməsinə dair qəbul etdiyi qanunu əhəmiyyətsiz adlandırıb və bununlabağıl məsələyə belə münasibət bildirib: " Cənubi Kipr Rum Rəhbərliyinin qəbul etdiyi və haqqında danışılan qanunu bizim üçün yox hökmündə olub, şərhə də layiq deyil. 1915-ci il hadisələrini siyasi məqsədlər üçün istifadə edərək nəsə əldə etməyə çalışanlar bu günə qədər olduğu kimi bundan sonra da heç bir nəticə əldə edə bilməyəcəklər". İstənilən halda isə Cənubi Kipr Rum Rəhbərliyinin hərəkəti Türikyəyə qarşı xəyanət kimi qiymətləndirilir.