Azərbaycanlılar tanışlarını oğurlayaraq 300 min dollar tələb ediblər

4 Aprel 2015 17:00 (UTC+04:00)
Rusiyanın şimal paytaxtında məhkəmə adam oğurluğu, zorakılıq və qanunsuz silah dövriyyəsində ittiham olunan iki Azərbaycan Respublikası vətəndaşının işinə baxacaq.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatında bldirilir.

Məlumata görə, istintaq müəyyən edib ki, şübhəli şəxslər 22 sentyabr 2014-cü ildə öz tanışlarını oğurlayıblar və Primorski prospektində yerləşən mənzillərdən birində girov saxlayıblar. Onlar tanışlarından sərbəst buraxılması müqabilində 300 min dollar tələb ediblər.

Eyni zamanda, zərərçəkən oktyabrın 10-dək girov saxlanılıb. Daha sonra polis cinayətkarların izinə düşərək onları yaxalamağa müvəffəq olub. Qanun keşikçiləri mənzildə axtarış zamanı canilərdən birində səsboğucusu olan "Makarov" tipli tapança və onun güllələrini aşkar ediblər.