Neft cəmi 10 dollara?!

5 Aprel 2015 13:00 (UTC+04:00)

İranla "altılar" qrupu arasında Lozannada əldə edilmiş razılaşmadan sonra dünya birjalarında onsuz da ucuzlaşmaqda olan neftin qiymətinə daha bir ciddi təzyiq elementi meydana çıxıb.

 

Əgər planlaşdırıldığı kimi, İranın nüvə proqramlarına dair yekun saziş iyun ayına qədər imzalansa və nəticədə Tehrana qarşı beynəlxalq sanksiyalar ləğv edilsə, o zaman bazarda neft bolluğu daha da artacaq.

 

Rusiyanın RBC telekanalı analitiklərlə İrana qarşı sanksiyaların ləğvinin bazara və qiymətlərə necə təsir edəcəyini araşdırıb. 

 

Movqe.az virtualaz.org-a istinadən bildirir ki, bəzi analitiklər sensasion proqnozlar verərək neftin qiymətinin yaxın aylarda hətta 10 dollara enə biləcəyini irəli sürüblər. Bu, son aylarda neftin qiyməti üçün verilən ən bədbin proqnozdur.

 

İrana qarşı neft embarqosu 2012-ci ildə tətbiq edilib. Avropa İttifaqı İrandan neft idxalına qadağa qoyub. Ötən əsrin 80-ci illərinin sonlarından öz şirkətlərinə İrandan neft almağı qadağan edən ABŞ isə bu sanksiyaları daha da sərtləşdirib - İran neftinin üçüncü ölkələr tərəfindən alınmasında iştirak edən yerli və xarici şirkətlərə qadağalar qoyub. Nəticədə İrandan neft ixracı 2 dəfədən çox azalıb.

 

Əgər İran 2011-ci ildə dünya bazarlarına sutkada 2,5 milyon barrel (Azərbaycandan təxminən üç dəfə çox) neft çıxarırdısa, 2013-cü ildə bu rəqəm 1,1 milyon barrelə qədər azaldı.

 

Embarqoya qədər İran 21 ölkəyə neft satırdısa, embarqodan sonra cəmi 6 ölkəyə (Çin, Hindistan, Cənubi Koreya, Türkiyə, Yaponiya və Tayvan) neft sata bilir.

 

"Bloomberg"in hesablamalarına görə, 2014-cü il ərzində və 2015-ci ilin ilk aylarında İran dünya bazarlarına sutkada 1,33 milyon barrel neft çıxara bilib.

 

İrana qarşı embarqoların götürülməsi perspektivləri haqda xəbərlər dərhal bazara təsir etdi və neft kotirovkaları 4 faiz aşağı düşdü.

 

"Capital Economics" şirkətindən Tomay Pyu hesab edir ki, əgər yekun saziş imzalansa, yaxın aylarda bazarda neft bolluğu daha da artacaq. Belə şərtlərdə qısamüddətli perspektiv üçün neftin qiyməti 20, hətta 10 dollara enə, ancaq qısa müddətdən sonra yenidən arta bilər.

 

"Bloomberg" agentliyi də Amerikanın iki rəsmisinə istinadən İrana qarşı neft embarqosunun götürülməsindən sonra neftin qiymətinin 10 dollara enəcəyini xəbər verib. 

 

Nyu-York Enerji Menecmenti İnstitutunun tərəfdaşı Dominik Çiriçell qeyd edir ki, iyun ayının yaxınlaşmasına doğru İrandan daha çox neft gözləyən bazarlarda yeni həyəcan yaranacaq. Onun fikrincə, belə vəziyyətdə Səudiyyə kralı neft hasilatını azaltmaqdan növbəti dəfə imtina etsə, OPEC dağılacaq. Kartelə üzv ölkələrin bəziləri müstəqil şəkildə hasilatı azaltmağa qərar verəcək.

 

"İHS CERA" konsaltinq şirkətinin Rusiya üzrə direktoru Maksim Neçayev də hesab edir ki, treyderlər hələ İrana qarşı embarqoların götürülməsindən əvvəl bazara daxil olacaq əlavə neftin həcmini nəzərə alacaqlar. Bu gözləntilər isə qısamüddətli perspektivdə neftin qiymətinin 40 dollara qədər enməsinə səbəb olacaq.

 

Lakin ekspertlərə görə, treyderlər İrandan daxil olan neftin gözlənilən həcmdə olmadığını görəndən sonra qiymətlər yenidən 50-60 dollar diapazonu arasında dəyişəcək.

 

"RusEnergy" konsaltinq şirkətinin partnyoru Mixail Krutixin də hesab edir ki, İran amili neftin qiymətlərinə əlavə təzyiq göstərir. Nəticədə bu ilin sonuna qədər qiymət 50 dollardan aşağı enə bilər.

 

İranın neft naziri Bijan Namdar Zəngane ötən ay demişdi ki, embarqo götürülsə onun ölkəsi bir neçə ay sonra dünya bazarlarına çıxardığı neftin həcmini sutkada 1 milyon barrel artıra biləcək.

 

Lakin ekspertlər daha aşağı həcm proqnozlaşdırırlar. Çünki sanksiyalar götürülsə də İran neft hasilatını sürətlə artıra bilməyəcək.

 

Brukinq İnstitutunun eksperti Tim Bersma hesab edir ki, embarqoların götürülməsindən sonrakı 90 gün ərzində İran bazara 500 min barrel çox neft çıxara bilər. Lakin İranın anbarlarda və tankerlərdə saxladığı neftin həcmini də nəzərə almaq lazımdır. Hesablamara görə, İran hazırda 30 milyon barrel nefti yerüstü anbarlarda və tankerlərdə saxlayır. Embarqo götürülsə İran bu neftin hamısını birdən bazara çıxara bilər.

 

"EA Gibson Shipbrokers Ltd " broker şirkəti isə İranın anbarlarda 34,5 milyon barrel neftinin olduğunu bildirir. Lakin ABŞ administrasiyasının hesablamalarına görə bu həcm cəmi 7-17 milyon barrel arasındadır. İstənilən halda embarqolar götürülsə, İran qısa müddət ərzində bazarı neftlə doldurmaq imkanındadır. Bu isə 2015-ci ilin ikinci yarısından tez baş verməyəcək. 

 

Ancaq amerikalı ekspertlərə görə, yekun nüvə sazişi iyunda imzalansa belə sanksiyaların götürülməsi prosesi ilin sonuna qədər çəkə bilər. Nəticədə İran bazara əlavə nefti gələn ilin əvvəllərindən tez çıxara bilməyəcək.

 

Bununla belə Harvard Universitetinin dövlət idarəçiliyi üzrə elmi əməkdaşı Leonardo Moqeri hesab edir ki, İrandan əsl neft bumu bu ölkənin investisiyalar üçün əlverişli şərtlər yaratmasından sonra baş verə bilər. Hesablamalara görə, İranın sutkada 5 milyon barrel həcmində hasilat həcminə çatması üçün 50 milyard dollar kapital və azı 5 il lazımdır. İran artıq BP, "Shell", "Total", "LUKoil" kimi iri xarici şirkətlərlə danışıqlar aparır və sanksiyaların götürülməsindən dərhal sonra onları ölkəyə dəvət edir.