Binəqədi rayonunda 31 mart – Azərbaycanlıların soyqırımı günü münasibətilə “Tarixin soyqırımı” adlı tədbir keçirildi
2 Aprel 2015 01:12 (UTC+04:00)
Martın 31-də Binəqədi rayonunda 31 mart – Azərbaycanlıların
soyqırımı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni
Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Milli QHT
Forumunun birgə təşkilatçılığı ilə "Tarixin soyqırımı" adlı anım
tədbiri keçirilib. Movqe.az xəbər verir ki,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının
inzibati binasında keçirilən tədbirdə Binəqədi Rayon İcra
Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan
Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi
Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Milli QHT Forumunun
prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri
İsmayıl Ağayev, İsraildən olan sülh səfiri Aleks Şapiro, Beynəlxalq
Diaspor Mərkəzinin Tatarıstan nümayəndəliyinin rəhbəri Natiq
Bədəlov, Türkiyədə Fəaliyyət göstərən "Əsassız Erməni Soyqırımı
İddiaları ilə Mübarizə Dərnəyi"nin rəhbəri Göksal Gülbəy,
Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının vitse-prezidenti
Cavidan Şərbətov, Vətəndaşların Sosial Rifahı naminə İctimai
Birliyin sədri İradə Rzazadə, rayonun ictimai-siyasi və mədəni
həyatında aktiv iştirak edən gənclər, rayon ictimaiyyətinin
nümayəndələri iştirak etdilər.
Anım tədbiri Yeni Azərbaycan Partiyası Binəqədi rayon
təşkilatının inzibati binasının foyesində 31 Mart 1918-ci ildə
erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş
soyqırımın həqiqətlərini və ümumilikdə soydaşlarımıza qarşı erməni
vəhşiliklərini əks etdirən fotolardan ibarət sərginin nümayiş
etdirilməsi ilə başladı.
Soyqırım faciələrini əks etdirən filmin nümayişi ilə davam edən
tədbiri giriş nitqi ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon
təşkilatının sədri Ramiz Göyüşov açaraq 31 Mart soyqırımı və
ümumilikdə ötən yüzillikdə erməni qəsbkarları tərəfindən
azərbaycanlılara qarşı törədilmiş qətliamlardan danışdı.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor
Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsraildən olan sülh səfiri Aleks
Şapiro, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan nümayəndəliyinin
rəhbəri Natiq Bədəlov, Türkiyədə fəaliyyət göstərən "Əsassız Erməni
Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyi"nin rəhbəri Göksal Gülbəy
çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir
yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik
təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi
faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği
istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı
dəstəyindən danışdılar.
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev 31 mart
soyqırımının təkcə həmin tarixlə məhdudlaşmadığına diqqət çəkərək
SSRİ dövründə də bolşevik cildinə bürünmüş və yüksək vəzifələr
tutmuş erməni daşnakları repressiyalar, deportasiyalar vasitəsilə
öz qanlı əməllərini davam etdirdiyini vurğuladı.
Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini
Aygün Əliyeva zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara
qarşı törədilmiş fiziki və mənəvi terrorlar, vandalizm aktlarından
danışdı, bu qanlı hadisələrə ilk dəfə Ulu Öndər Heydər Əliyev
tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirdi. Tarixi
faktların işığında və sənədlər əsasında soyqırım həqiqətlərinin
dünyaya çatdırılması işinə dövlət tərəfindən göstərilən hərtərəfli
dəstəyi diqqətə çatdıran A.Əliyeva bu məsələdə beynəlxalq
ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın
üzərinə məsuliyyət düşdüyünü qeyd etdi.