Azərbaycanlının yazdığı kitab ABŞ-da təqdim olundu

6 Aprel 2015 10:00 (UTC+04:00)

Los-Ancelesdə Türkiyənin baş konsulu Gülruh Həzərin iqamətgahında altı müəllif və yazıçının imza sessiyası keçirilib. Onların arasında "Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti" (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) adlı yeni kitabın müəllifi, bizim həmvətənimiz Fəridə Buyuran da var. "Cənubi Kaliforniyada Amerika türkləri Assosiasiyası"nın "Vətən" bölməsi tərəfindən təşkil edilmiş sessiyada 50-dən çox insan, o cümlədən kulinariya icmalçıları Faye Levi, Yakir Levi və Barbara Hensen iştirak edib. Tədbirdə qonaqlara çay və bir neçə növ Azərbaycan şirniyyatı, o cümlədən kitabdakı reseptlər üzrə hazırlanmış Qarabağ kətəsi və mütəkkə verilib. "Cənubi Kaliforniyada Amerika türkləri Assosiasiyası"nın prezidenti Burcu Tansu və "Vətən" təşkilatının prezidenti Veqa Sankur bütün müəlliflərə mükafatlar təqdim edib. 

2014-cü ilin oktyabrında çapdan çıxmış "Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti" kitab Azərbaycanın mətbəxi haqda ingilis dilində ilk müfəssəl nəşrdir. 336 səhifədən ibarət olan bu kitabda oxuculara 200 adda qəlyanaltı və salat, şorbalar, xəmir xörəyi, ət, tərəvəz və yumurtadan istifadə edilməklə hazırlanan xörəklər, bişinti, plov, içki və çərəzlərin qərb ölkələri şəraitində hazırlanması üçün adaptasiya edilmiş reseptlər təklif olunur. Nəşrə həmçinin, müəllif Fəridə Buyuranın populyar azcookbook.com bloqundan seçilmiş reseptlər daxildir. Bundan başqa, kitaba daxil edilmiş Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxi və qonaqlıq məclisləri ilə bağlı atalar sözləri bu nəşrə təkraredilməz kolorit verir.

Bu ilin əvvəlində arasında "Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti" kitabı ABŞ-da dərc edilmiş Şərqi Avropa mətbəxinə aid kulinariya kitabları kateqoriyasında "The Gourmand World Cookbook Awards" mükafatı uğrunda müsabiqənin qalibi elan edilib. Fəridə Buyurana bu mükafatın verilməsi onun kitabına cari ilin iyununda Yantayda (Çin) keçiriləcək "Gourmand Best in the World" müsabiqəsində müxtəlif ölkələrdən eyni kateqoriyada başqa qaliblərlə yarışda iştirak etmək imkanı verir.

Xatırladaq ki, bu kitabın və azcookbook.com bloqunun müəllifi Fəridə Buyuran Azərbaycan Dillər Universitetinin "ingilis filologiyası" ixtisası üzrə məzunudur. O həm də Kaliforniya universitetini bitirib işgüzar inzibatçılıq üzrə magistr dərəcəsi alıb. Fəridə əri və iki uşağı ilə bərabər Kaliforniya ştatının Lonq Biç şəhərində yaşayır.