Bu il Həcc ziyarətində azərbaycanlı zəvvarlara paylanacaq qurbanlıq qoyunların qiyməti qalxıb

6 Aprel 2015 14:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, QMİ-dən APA-ya verilən məlumata görə, azərbaycanlı zəvvarlara iki formada təqdim olunan qurbanlıq qoyunların qiymətində müvafiq olaraq 10-15 dollar artımlar gözlənilir. Nisbətən zəif çəkili qoyunlar 135 dollara, nisbətən kök qoyunlar isə 150 dollara təqdim olunacaq. Qeyd edək ki, ötən il bu rəqəmlər müvafiq olaraq 120-135 dollar olub. Xatırladaq ki, bu il də zəvvarlara ziyarət iki formada təklif olunacaq. Daha yaxşı şəraitli otellərdə qalmağı, daha çeşidli yeməklərin verilməsini, o cümlədən 4 nəfərlik otaqlarda yerləşdirməni nəzərdə tutan xidmətin qiyməti 5750 dollar, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlarda qalmağı nəzərdə tutan xidmətinqiyməti isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla ziyarət təşkil edilməyəcək.