Azərbaycanda ölümcül virusa yoluxan narkomanların sayı artır-SOS

6 Aprel 2015 15:35 (UTC+04:00)

"Ötən il ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan 604 nəfərdən 30,6%-i inyeksion yolla bu bəlaya düçar olub. Son illər ölkədə İİV virusuna yoluxanlar arasında narkomanların sayı artır. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilə bağlı məlumatına görə, ölkədə rəsmi qeydiyyata alınmış 4735 nəfər Azərbaycan vətəndaşından 2587-də (54,6%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil edilsə də, burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. 2014-cü ildə aşkar olunan İİV-ə yoluxma hallarının 30,3%-i, 1987-2014-cü illər ərzində isə aşkar olunan halların 53,8%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib".


Bu sözləri Movqe.az-a açıqlamasında Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva deyib. L. Yolçiyeva bildirib ki, bu onu göstərir ki, narkomanlar arasında İİV-lə bağlı marifləndirmə işi zəif aparılır və onlar iynə dəyişmə yolu ilə bu təhlükəli virusa yoluxacaqları barədə kifayət qədər bilgili deyillər.


L. Yolçiyevanın sözlərinə görə, narkomanlar arasında İİV-ə yoluxma hallarını azaltmaq üçün anonimlik qorunma şərtilə onlar arasında marifləndirmə işi aparmaq lazımdır: "Narkomanlar həssas qrup olduqlarından, onlarla işləmək QHT-lər üçün bir qədər çətindir. Bunun əsas səbəbi isə narkoman insanların həbs olunma təhlükəsi ilə üzləşməsidir. Narkomana yaxınlaşıb kömək etmək istəyəndə, onu marifləndirmək istədiyini söyləyəndə bundan imtina edir. Ümumiyyətlə narkotik istifadəçisi olduğunu danır. Çünki, onlar narkotik maddələri alqı-satqısı ilə məşğul olmaq adı ilə həbs olunacaqlarından narahatdırlar. Buna görə də, narkoman olmadıqlarını deyib köməkdən imtina edirlər. Bu isə belə nəticələrə, narkomanlar arasında İİV-ə yoluxanların sayının artmasına təsir edir. Məlumdur ki, ölkədə narkomanların rəsmi sayı real statistika ilə üst-üstə düşmür".


L. Yolçiyeva odur ki, Respublika QİÇS mərkəzinin anonimlik təmin edilmək şərtilə narkomanlar arasında İİV infeksiyası ilə bağlı marifləndirmə işi aparmasının lazımi tədbirlər görməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, bu yolla onsuz da "ağ ölüm" adlanan bəlaya düçar olunan insanların ən azından İİV kimi təhlükəli infeksiyaya yoluxmasının qarşısını müəyyən qədər də olsa almaq olar. L. Yolçiyeva vaxtıilə QHT-lər tərəfindən narkomanlar arasında şpiris paylama və onların marifləndirilməsi istiqamətində işlər aparıldığını da qeyd edib.