İŞİD-in tərkibində döyüşən azərbaycanlılar MƏHKƏMƏDƏ: “Yardıma getmişdik”

6 Aprel 2015 16:55 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 6 nəfərlik dəstə üzvlərinin – Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Movqe.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ruslan Mustafayevin vəkili Elmar Hüseynov vəsatətlə çıxış edərək, məhkəmədən hüquqlarını müdafiə etdikləri şəxslərin dəmir barmaqlıqdan çıxarılaraq vəkillərinin yanında oturmasını istəyib. Hakimlər yerində müşavirə edərək vəsatəti təmin etməyib.  Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilənlərin heç biri ittiham üzrə özünü təqsirli bilməyib. İttiham olunan Ruslan Mustafayev sərbəst ifadə verib. O, ifadəsində Suriyaya insanlara yardım məqsədilə getdiyini bildirib. "2013-cü ilin sentyabr ayında Gürcüstandan Türkiyəyə keçdim. İstanbulda bir müddət qaldıqdan sonra Hatay şəhərinə gedib, oradan Suriya sərhədinə keçdim. Məqsədim xeyirxahlıq olub. Bir həftə ərzində oradakı vəziyyəti görüb, geri qayıtmışam. Gəldim, heç kim mənə heç nə demədi. İkinci dəfə mən Türkiyəyə işləməyə gedirdim. Hava limanında saxladılar. Mənim heç vaxt terrorçuluq etmək fikrim olmayıb. Terrorçuluq zənnində heç bir iş görməmişəm. Suriyaya getməyin qanuna zidd olduğunu bilməmişəm. Suriyada olduğum müddətdə silahlı döyüş olmayıb. Heç bir təlimdə iştirak etməmişəm. Bir həftə ərzində gedib qayıtmışam". Təqsirləndirilənlərdən Namiq Məmmədov ifadəsində deyib ki, 2013-cü ilin oktyabr ayında təyyarə ilə İstanbula gedib: "Oradan da Suriyaya keçmişəm. Məqsədim müharibədə əziyyət çəkən şəxslərə yardım olub. 2 ay Suriyada olmuşam. Sonra deport olunmuşam. Dekabrın 27-də cəriməmi də ödəyib Bakıya qayıtdım. Qayıtmağıma başqa bir səbəb də o olub ki, orada ədaləti görməmişəm. Suriyada özbaşınalığı, sivil insanlara qarşı ədalətsizliyi gördüm və geri qayıtdım. Mənim dini adım Abuhüseyn olub. O da mənim balaca oğlumun adıdır. Mənə ittiham zamanı oradakı azərbaycanlıların əmiri olan Musa Azərini tanıyıb-tanımadığımı soruşdular. Mən isə nə adını eşitdiyimi, nə də gördüyümü bildirdim. Amma ittiham aktında onla oturub-durduğumu yazıblar". Saxlanılanlardan Elvin Əliyev də məqsədinin xeyirxahlıq olduğunu deyib. "2013-cü ilin avqust ayında Suriyaya getmişəm.  Xəstəyəm. Kəskin böyrək çatışmazlığım var. Oraya getməkdə məqsədim Allah rizası üçün müharibədən əziyyət çəkən şəxslərə yardım etmək olub. Suriyaya keçəndə Abuzər adlı şəxs qabağıma çıxıb. Ərəb dilini bilmədiyimə görə onun köməyindən istifadə etmişəm. Suriyada xəstəxanada işləmişəm, yaralılara kömək etmişəm. Bazardan ərzaq alırdım. Məni bir gün bazarda olanda əsir götürdülər. 20 gün əsirlik həyatı yaşadım. Sonra bilmədiyim səbəbdən məni azad elədilər. Orada Musa Azərinin yanında olmuşam. Mən orda olan müddətdə hec bir silahlı atışma, təlim olmayıb. Çoxdan qayıtmaq istəyirdim, sadəcə pasportumu alıb, gizlətmişdilər. Əsirlikdən çıxan kimi axtarıb tapdım. Pasportu götürən kimi Bakıya qayıtdım". Təqsirləndirilənlərdən Tariyel Mustafayev Suriyaya müalicə üçün getdiyini bildirib. "Mən 1999-cu ildən Məştağa ruhi dispanserində qeydiyyatdayam. 3 dəfə 21 günlük orada yatıb, müalicə almışam. Bakıda olanda eşitdim ki, Suriayada dini həkimlər pulsuz olaraq Quranla müalicə edir. İstanbula yoldaşımla getdim. Onu İstanbulda qoyub, Suriyanın Arkna şəhərinə getdim. 1 aya yaxın orda oldum. Sonra Bakıya qayıtdım. Arkna şəhərində heç bir silahlı döyüşdən söz gedə bilməz. Türkiyənin o şəhərlə sərhədi açıqdır. Müalicə alıb Bakıya qayıdandan bir müddət sonra MTN-ə çağırıldım. Suriyaya getdiyimi və İŞİD-də döyüşdüyümü dedilər. Mən isə onlara müalicə almağa getdiyimi bildirmişəm. Cənab hakimlər, mən bu yaşıma qədər başımı qaldırıb bir qıza baxmamışam ki, günahdır. Mən vətənimi sevirəm, əgər onlar məni sevmirsə nə deyim. Bir gün qəzetdə baxdım ki, 26 nəfər terrorist saxlanılıb. Güzgüyə baxdım ki, mənəm terrorçu". Təqsirləndirilən şəxslərdən Fərid Muradovda, Tural Həsənov da Suriyaya yardım məqsədilə getdiklərini və heç bir silahlı birləşmədə iştirak etmədiklərini iddia ediblər. Məhkəmə prosesi aprelin 13-də davam etdiriləcək.  Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb. Saxlanılanlar arasında yuxarıda adları çəkilən şəxslər də var. İstintaqla müəyyən edilib ki,  təqsirləndirilən şəxslər "İraq və Şam İslam Dövləti" (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə ittiham irəli sürülüb.