Sığorta şirkətlərinə «atan» sığorta agentləri

7 Aprel 2015 04:00 (UTC+04:00)

Son illərdə Azərbaycanda sığorta agenti fəaliyyətinə marağın getdikcə artdığı aydın müşahidə olunur. Vaxtilə ölkədə onların sayı güclə 100-ə çatıdırsa, icbari sığorta ilə bağlı qanun qəbul olunduqdan sonra onların sayı dəfələrlə artıb və artıq yüzlərlə ölçülür. Lakin sığorta agentlərinin artması fonunda onlarla bağlı müəyyən problemlər də özünü göstərir.

Söhbət ondan gedir ki, bazarda bəzi sığorta agentləri müştərilərə və elə sığorta şirkətlərinə qarşı möhtəkirlik edirlər. Yeri gəlmişkən qeyd edək ki, Maliyyə Nazirliyi tərəfindən keçən ilin sonlarında və bu ilin ötən dövrü ərzində 50-dən çox sığorta agenti lisenziyadan məhrum edilib. Araşdırmalar həmin sığorta agentlərinin bir çoxunun müştərilərə borclu qalması, yanlış məlumatlar verməsi, onları aldatması və sair bu qəbildən olan qanunsuz əməllərə yol verdiyini üzə çıxarır. Sığorta Agentlərinin 3-cü Milli Forumunda Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, Ərizə və Şikayətlərə baxılması şöbəsinin müdiri Mahir Abdullayev də məslə ilə bağlı maraqlı açıqlamalr verib. Onun sözlərinə görə, sığorta agentləri topladıqları sığorta haqlarını vaxtında sığorta şirkətlərinə təhvil vermirlər: "Qanunvericilik ilə sığorta agentlərinin topladıqları sığorta haqlarının sığorta şirkətinə ödənilməsi müddəti müəyyən olunub. Bizə daxil olan məlumatlara görə, bir sıra sığorta şirkətlərinin agentləri bu tələbə riayət etmirlər. Hətta bəzi şirkətlərdə agentlər tərəfindən ödənilməyən vəsitlər böyük məbləğlərdədir. Bir neçə sığorta şirkəti tərəfindən sığorta agentləri məhkəməyə də verilib. Məhkəmələrin qərarı ilə ödənilməyən vəsaitin alınması üçün sığorta agentlərinin əmlakları üzərinə həbs qoyulur. Bu dələduzluq əlamətidir, sığorta agentləri belə hallara yol verməməlidirlər".

Mahir Abdullayev qeyd edib ki, sığorta agentləri onlara sığorta şirkətləri tərəfindən verilən tapşırıqlardan kənara çıxırlar: "Agentlər tərəfindən "sub agent"lər adlandırılan şəxslər sığorta şəhadətnamələrinin satışına cəlb edilirlər. Qanunvericilik ilə belə bir anlayış nəzərdə tutulmayıb. Belə ki, agentlər sığorta şəhadətnamələrini qohumlarına və dostlarına verərək, onları icbari sığortanın satışına cəlb edirlər. Bu, qanunsuzdur".

Araşdırmalardan məlum olur ki, bəzən sığorta agentləri sığorta müqavilələrinin bağlanılmasına tanışlarını, qohumlarını cəlb edirlər ki, onlara da "sub agent" adı verilir. Sığorta məhsulunu satmaq üçün lisenziya yalnız agentə verilir və bu işlə özü məşğul olmalıdır. Lakin prosesə "sub agent"lərin cəlbi həm agentlər, həm də bu fəaliyyətə cəlb edilən şəxslər üçün təhlükəlidir. O baxımdan ki, belə fəaliyyətə görə onlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Lakin indinin özündə bəzi hallarda sığortanı almaq istəyən şəxslər ilə müqaviləni sığorta şirkətinin rəsmi əməkdaşı olmayan və ya lisenziyasız "sub agent" adlandırılan şəxslər bağlayırlar. Sığorta şirkətləri, onların səlahiyyətli əməkdaşları və lisenziyalı sığorta agentləri tərəfindən sığorta şəhadətnməsi blankları "sub agent"lərə verilir. Belə şəxslər də sığorta işini dərindən bilmədiyindən və təlimatlandırılmadığından müqaviləni belə düzgün doldurmurlar. Müqavilədəki tələb edilən məlumatların düzgün əks etdirilməməsi sonradan sığorta hadisəsi zamanı sığortalını sığorta ödənişi almaqdan məhrum edir, uzun-uzadı araşdırmalara, mübahisələrə gətirib çıxarır. Düzgün tərtib edilməmiş müqavilələrdən irəli gələn narazılıqlar da müştərinin itirilməsi və inciməsilə nəticələnir.

On uda qeyd ki, bəzi sığorta agentlərinin yol verdiyi qanunsuzluqlardan biri də avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını bütün təminatları əhatə edən sığorta məhsulu kimi satmalarıdır. Agentlər avtomobil sahiblərinə icbari sıorta şəhadətnaməsini satmaq üçün müştəriyə sığortanın bütün təminatları əhatə etdiyini bildirirlər. Sonradan sığortalılar avtomobillərinə dəymiş zərərə görə sığorta şirkətlərindən ödəniş tələb edirlər. Bu isə mümkün olmadığından və sığorta müqaviləsində nəzərdə tutlumadığından sonradan müştərilər sığolrat agentləri və "sub agent"lər üzündən sığorta şirkətlərindən narazı qalırlar. Hər halda bu məsələyə daha çox diqqət yetrilməsi vacib sayılır. Özü də o fonda ki, sığorta şirkətləri pis qazanmırlar.

Belə ki, 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə təxminən 101,7 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur. 2 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə təxminən 24 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26,3% çoxdur. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 23,6 manat ödəniş edilib. Bu göstərici 2014-cü ilin yanvar-fevral aylarında 20,8 manat olub.