Türkiyəyə qarşı işə salınan yeni fitnəkarlıq

7 Aprel 2015 07:00 (UTC+04:00)

Son günlərdə Türkiyədə həyata keçrilən terror aktları xüsusi diqqət cəlb etməkdədir və bunun müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçrilməsi sirr deyil. Hadisələrlə bağlı çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu açıqlama verərək, terror hücumlarının arxasında xarici qüvvələrin durduğunu bəyan edib.

Politoloq Fikrət Sadıxov düşünür ki, son illər Türkiyənin güclənməsi, müstəqil siyasət yürütməsi fonunda bəzi dövlətlər bunu qısqanclıqla qarşıladığından, ona qarşı hər cür çirkin addımlara gedirlər: "Türkiyə güclü bir dövlətdir. Bu ölkə regionda öz sözünü deməyə qadirdir. Son illər ərzində Türkiyə daha da möhkəmlənib. Bir sıra beynəlxalq məsələlərdə Türkiyə öz mövqeyini kifayət qədər müstəqil şəkildə bəyan etməklə yanaşı, həyata da keçirir. Bu isə bəzi dairələri qıcıqlandıran amildir. ABŞ-da, Qərb ölkələrində başqa dövlətlərə nəzarət etmək, dominant rol oynamaq artıq bir ənənəyə çevrilib. Bir neçə il bundan əvvələ qədər ABŞ Türkiyəyə də nəzarət edirdi. Amma artıq bu dövran keçib. Ona görə də, indi bu amil Qərbdəki bir sıra dairələri narahat etməyə başlayıb. Qərb Türkiyənin bəzi müxalif qüvvələri, habelə xaricdə yerləşən qruplaşmaların əli ilə ölkədə qalmaqal yaratmaq, daxili vəziyyəti silkələmək istəyir. Onlar bununla Türkiyəni qeyri-stabil vəziyyətə salmağa çalışırlar. Son zamanlar Türkiyədə baş qaldıran terror aktlarının başlıca məqsədi də məhz budur. Lakin düşünürəm ki, Qərb Türkiyədə qeyri-stabillik yaratmaq niyyətinə nail ola bilməyəcək. Çünki, Türkiyənin kifayət qədər güclü rəhbərliyi var ki, onlar da ölkəyə yönəlik bu addımların qarşısını məharətlə ala bilir".

Politoloq Elxan Şahinoğlu da bu qənaətdədir ki, Türkiyədə baş qaldıran terror hadisələri qardaş ölkəni zəiflətməyə hesablanmış addımdır: "Qardaş ölkədə baş verən son terror aksiyaları Türkiyəni zəiflətmək, onu daxildən qarışdırmaq məqsədilə həyata keçirilir. İki aydan sonra Türkiyədə növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilər ərəfəsində preziden Rəcəb Tayyip Ərdoğanın daha da gücləndiyi hiss olunur, onun partiyasının yenidən qələbə çalmaq imkanları daha böyükdür. Ona görə də düşünürəm ki, terror aktları daha çox Ərdoğanı zəiflətmək, daxildən Türkiyə üçün problem yaratmaq məqsədi daşıyır. Lakin əslində, terrorçular əks nəticə ilə üzləşirlər. Çünki, Trükiyədə məlum hadisələr fonunda prokuroru qətlə yetirənlər bu aksiyanı Gəzi olayları ilə əlaqələndirirlər. Belədə guya intiqam alırlar. O zamanlar Gəzi olayları ilə bağlı ictimaiyyətin simpatiyası etiraz edənlər tərəfində ola bilərdi. Amma son olaylardan sonra Ərdoğanın haqlı olduğu üzə çıxdı. Ərdoğan hələ o zamanlar deyirdi ki, Gəzi olayları xaricdən təşkil olunan təxribatdır. Belədə, terrorçular məqsədlərinə çatmadılar. Terrorçuların xarici bağlantıları haqqında da müəyyən şayiələr vardır. Bütün bunlara baxmayaraq, son hadisələr Ərdoğanı nəinki zəiflətdi, əslində, proses onun daha da gücləndiyini göstərir. Yəqin ki, bu minvalla iyunda keçirilən parlament seçkilərində hakim partiya yenə də qələbə çalacaq".