TRT Azərbaycanda film çəkir
17 Avqust 2012 20:02 (UTC+04:00)
Türkiyənin TRT kanalı Azərbaycanın
"Ayrılıq" və "Ala gözlüm" mahnılarına film çəkir. Yarım saatlıq
film "TRT Müzik" kanalındakı "Mahnılar və hekayələri" ("Türküler ve
öyküleri") adlı serial-proqramda yayımlanacaq. TRT-nin Bakıdakı
təmsilçiliyindən APA-ya
verilən məlumata görə, bu məqsədlə TRT rejissoru Fateh Arslan və
TRT prodüsseri Hakan Bişkin Bakıya gəlib. TRT qrupu Bakıda
sözügedən mahnıların hekayələrini öyrənmək və çəkiləcək filmlərin
yerlərini müəyyənləşdirmək üçün fəaliyyətə başlayıb. Mahnıların
hekayələri ilə bağlı araşdırma aparan heyət filmdə oynayacaq
aktyorları da müəyyənləşdirib. Filmdə çəkiləcək aktyorlar,
mahnıları səsləndirəcək müğənnilər və aparıcılar azərbaycanlılar
olacaq.
Rejissor Fateh Arslan filmin ssenarisini yazmağa başladıqlarını
bildirib. Rejissor film üçün bu mahnıların seçilməsinin səbəbini
isə belə açıqlayıb: "İstər "Ala gözlüm", istərsə də "Ayrılıq"
Türkiyədə də kifayət qədər bilinən və hətta Türkiyədəki türkülərdən
belə daha populyar olan mahnılardır. Ona görə də bu mahnıların
hekayəsini, tarixini də Türkiyə tamaşaçılarına çatdırmaq
istədik".
Filmin çəkilişləri sentyabrın 26-da başlayacaq və 10 gün davam
edəcək. Çəkilişlərin böyük hissəsi Qala kəndində həyata
keçiriləcək. Çəkilişlər 10 gün davam edəcək. Rejissor çəkiliş üçün
Bakıya 15 nəfərlik professional qrupla gələcəklərini, işıqçıdan
kameramana qədər bütün qrupun TRT əməkdaşlarından ibarət olacağını
söyləyib. Fateh Arslan çəkiliş üçün Qalanı seçmələrinin səbəbini
belə izah edib: "Qala Azərbaycanı ən yaxşı əks etdirən məkanlardan
biridir və aurası çox gözəldir".
TRT rejissoru araşdırma və hazırlıq müddətində Azərbaycanda çox
böyük maraq, diqqət və qayğı gördüklərini deyib.