Cənub qonşumuza qarşı müharibə ssenarisi məlum oldu

18 Avqust 2012 08:30 (UTC+04:00)

Cənub qonşumuza qarşı İsrail tərəfindən həyata keçirilməsi gözlənən hərbi əməliyyatlar yenidən dünya gündəmini zəbt edən əsas mövzuya çevrilməkdədir. Suriya böhranın həllindən sonra İrana qarşı əməliyyatlara start veriləcəyinə dair isə yenidən məlumatlar dolaşır.

Hesab olunur ki, Suriya böhranın həlli İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlarına ABŞ-ın daha çox diqqət ayırmasına gətirib çıxaracaq. Bu isə əməliyyatlara başlamaq üçün İsrailin mövqeyi baxımından münasib sayılır.

Bu günlərdə isə İsrailin mülki müdafiə naziri Matan Vilnai bəyan edib ki, İranla müharibə başlanacağı təqdirdə 1 ayadək uzana bilər. Nazirin sözlərinə görə, əgər İran İsrail şəhərlərinə cavab raket zərbəsi endirməyə nail olarsa, bu zaman İsrail əhalisinin təxminən 500 nəfəri həlak ola bilər.

Matan Vilnai İsrailin "Maarif" qəzetinə müsahibəsində bildirib ki, hərbi əməliyyatlar bir neçə cəbhən" əhatə edə bilər. Onun fikrincə, İsrail hadisələrin bu cür inkişafına hazırdır və İran nüvə obyektlərinin bombalanması mərhələsi ABŞ ilə koordinasiya ediləcək.

Bu arada amerikalı bloqçu Riçard Silverstein İsrail rəhbərliyinə ünvanlanan məxvi xidməti məlumat əldə edə bilib. Bu barədə BBC-yə bloqçunun özü bildirib. Həmin məxfi məlumatda, iddialara görə, İsrailin İrana qarşı hərbi zərbəsinin hansı mərhələlərdən ibarət olacağı təsvir edilib. Riçard Silverstein tərəfindən dərc edilən məlumatda İrana qarşı əməliyyatın ölkənin infrastrukturunu hədəfləyən genişmiqyaslı kiberhücumdan başlayacağı qeyd olunur. Sənədə əsasən, kiberhücumdan sonra hədəfə İranın nüvə obyektləri alınacaq, həmin obyektləri İsrail ballistik raketlərlə vuracaq.

Nüvə obyektlərilə yanaşı, ballistik raketlərlə vurulmalı olan hədəflər sırasına eləcə də, ordu komandanlığı qərargahları, elmi-texniki mərkəzlər, nüvə və raket proqramlarının rəhbər şəxslərinin yaşadıqları evləri də daxil edilib. Bütün qeyd olunan hədəflər zərərsizləşdiriləndən sonra, Riçard Silverstein qeyd etdiyi kimi, "bəzi hədəflərə əlavə zərbələrin endirilməsi üçün" havaya İsrail hərbi aviasiyası qaldırılacaq. Qeyd olunan sənədin nə dərəcədə həqiqətə uyğun olduğunun həqiqiliyini yoxlamaq mümkün deyil, lakin hadisələrin məhz təsvir olnduğu kimi inkişaf edəcəyi halda bunun ən ciddi fəsadları ola bilər.

Qeyd edək ki, İsrail hərbi-hava qüvvələrinin son onillik ərzindəki inkişafında məhz İrana qarşı mümkün hava zərbəsinin endirilməsi hesabı ilə həyata keçirilib. Belə ki İsrail 125 F-15I və F-16I hərbi təyyarələri alıb. Həmin maşınlar İsrail elektronikası və uzaq məsafələr üçün kifayət edə biləcək yanacaq bakları ilə təchiz olunub. İsrail regiondakı hədəflərə qabaqlayıcı zərbə endirmək tarixçəsinə malikdir. 1981-ci ildə İsrail İraqdakı Osiraq rektorunu bombalayıb. 2007-ci ildə İsrail Suriyada yerləşən bir obyektə havadan zərbə endirib. İsrail və ABŞ ekspertləri hesab edirdilər ki, bu tikilməkdə olan atom reaktorudur.

Bu cür hava hücumunun həyata keçirilməsinin əsas şərti qarşı tərəf üçün hücumun gözlənilməz olmasıdır. Lakin İraq və Suriyaya hücumlardan fərqli olaraq İrana hücum israil üçün heç də asan olmaya bilər. Burada ilk növbədə, İranın İsraildən uzaq məsafədə yerləşməsi amili və İran ərazisində hədəfin 1 yox, xeyli sayda olması İsrailin qarşısında duran əngəllərin sayını xeyli artırır.

Təxmini hesablamalara görə, İsrail təyyarələri İrandakı hədəflərə çatmaq üçün 1500 km-dən 1800 km-dək məsafəni qət etməlidir. Özü də İsrail istəyir ki, təyyarələri İrandakı hədəfləri bombalayandan sonra geri dönə bilsinlər.Bu isə ona dəlalət edir ki, bu məsələnin öhdəsindən gəlmək üçün İsrail təyyarələri yanacaq baklarını əlavə olaraq havada doldurmalı olacaqlar.

Havada bu yanacaqdoldurma əməliyyatını keçirmək üçün İsrailin 10 irihəcmli yanacaq tankerdaşıyan "Boeing 707" təyyarəsi var. İİSS institutunun eksperti Duglas Barrie deyir ki, İsrail İrana maksimal zərər vurmağa çalışacaq. Onun qənaətincə, ilk növbədə, uranın zənginləşdirilməsi obyektləri vurula bilər, misal üçün Natanzdakı obyekt, yaxud da Fordu obyekti. Digər ehtimal olunan hədəf Arak ağır su istehsalı zavodudur.

İsrailin bütün bu hədəfləri vurmağa qadir olub-olmaması aydın deyil, lakin bu məsələ digər məqama diqqəti çəkir. İş orasındadır ki, İranın bir sıra nüvə obyektləri, o cümlədən, Natanz və Fordudakı obyektlər yeraltı obyekt kimi, yəni möhkəmləndirilmiş obyektlər kimi qurulublar.

Duglas Barrie qeyd edir ki, İsrail bu məsələnin öhdəsindən gəlmək üçün həmin obyektlərin quruluşu və xüsusiyyətləri barədə kəşfiyyat məlumatlarına malik olmalıdır. Dərin yeraltı obyektlərin vurulmasında ABŞ böyük təcrübəyə malikdir. Bu cür obyektlər əleyhinə ABŞ GBU-28 bombalarından istifadə edir. Həmin bombaların çəkisi 2,3 tondur. ABŞ bu bombalarla İsraili də təchiz edir.