Bu il Azərbaycanda 790 qadın məişət zorakılığına məruz qalıb
18 Avqust 2012 11:17 (UTC+04:00)
Bu il Azərbaycanda cinayət
törətməkdə təqsirləndirilənlərdən 105 nəfəri xarici ölkə
vətəndaşlar olub. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən
məlumat verilib.
Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin məlumatlarına
əsasən, 2012-ci ilin yanvar-iyun aylarında ölkədə 12,0 min və ya
əhalinin hər 100 min nəfərinə hesabı ilə 130 cinayət hadisəsi qeydə
alınıb. Cinayətlərin 89 faizi az ağır və böyük ictimai təhlükə
törətməyən, 4008-i şəxsiyyət əleyhinə, 3899-u iqtisadi sahədə,
3500-ü ictimai təhlükəsizlik və ictimai qaydaların pozulması ilə
bağlı, 546-sı isə digər sahələrdə törədilib. Cinayətlərin 105-i
xarici, o cümlədən 28-i MDB-yə üzv olan ölkələrin vətəndaşları
tərəfindən, 50-si isə xarici ölkələrin vətəndaşlarına qarşı
törədilib.
2012-ci ilin birinci yarısında aşkar olunmuş 9089 nəfər
hüquqpozucunun 75,1 faizi cinayət məsuliyyətinə cəlb edilib.
Hüquqpozucuların 80,8 faizi əmək qabiliyyətli yaşda olub, heç bir
yerdə oxumayan və işləməyənlər, 10,3 faizi əvvəllər cinayət
törətmiş şəxslər, 4,2 faizi sərxoş vəziyyətdə olanlar, 10,4 faizi
qadınlardır. Cari ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı
qeydə alınmış 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və
onların 3-ü 18 yaşadək qızlar, 4 isə hamilə qadındır. Bu növ
cinayətlərin 10,2 faizi əvvəllər cinayət törətmiş şəxslər
tərəfindən, 11,3 faizi sərxoş vəziyyətdə törədilib. Məişət
zorakılığı nəticəsində baş vermiş cinayətlərin 73,9 faizi döymə,
22,4 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,5
faizi qəsdən adam öldürmə, 3,2 faizi isə digər
cinayətlərdir.