Ermənilərin türklərə qarşı yeni terror dalğası başlanır

23 Avqust 2012 08:09 (UTC+04:00)

Tarixən türk millətinə qarşı müxtəlif terror aktları həyata keçirən ermənilər yenidən analoji hərəkətlərə əl atmaq niyyətində olduqlarını daha açıq şəkildə bəyan etməyə başlayıblar. Hər halda "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" (ASALA) terror təşkilatının Suriyadakı ermənilərlə əlaqədar Türkiyə hökumətinə müraciəti belə qənaətə gəlməyə əsas verir.

Bəyanatda bildirilir ki, Türkiyənin Suriyanın erməni icmasının təhlükəsizliyini təhdid edən istənilən birbaşa və ya dolayı hərbi əməliyyatı cavabsız qalmayacaq. ASALA Türkiyə hökumətinin ünvanına digər təhdid dolu ifadələr səsləndirilib. Terrora dəstək xarakterli müraciətdə deyilir ki, Türkiyə hökuməti PKK və digər terror təşkilatları ilə mübarizədən təcili əl çəkməli, Suriya məsələsində Bəşər Əsədə qarşı çıxmamalıdır. Əks təqdirdə bunun Türkiyə üçün baha başa gələcəyi qeyd olunur.

Xatırladaq ki, 1975-ci ildə ermənilər tərəfindən yaradılan ASALA terror təşkilatı hazırda Ermənistan hakimiyyəti tərəfindən ciddi dəstəklənir. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələri mövcuddur. Bütün bunlar ondan xəbər verir ki, Türkiyəyə qarşı aktivləşməyi nəzərdə tutan ASALA yenə əsas silah kimi terrordan istifadə edəcək. Ümumiyyətlə isə son dövrlərdə ermənilər elə PKK cərgələrində də türklərə qarşı fəaliyyətlərini əhəmiyyətli dərəcədə genişləndiriblər. Bu günlərdə qeyd olunan xüsusda Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) direktoru Sinan Oğan da olduqca maraqlı açıqlamalar vermişdi. O bildirmişdi ki, hazırda PKK terror təşkilatının daxilində ermənilər güclü şəkildə fəaliyyət göstərir. Bu isə ermənilərin türklərə qarşı nə qədər xain və düşmən mövqedə olduğunu bir daha sübut edir. Onun sözlərinə görə, PKK ASALA-nın ləğv olunduğu illərdə ortaya çıxıb: "Əslində, o zaman ASALA terror təşkilatı ləğv olunmayıb, sadəcə olaraq, adı dəyişdirilib və PKK adı ilə fəaliyyətə başlayıb. Ötən illərdə və indi sağ və ya ölü ələ keçirilən terrorçular üzərində aparılan araşdırmalar zamanı məlum olur ki, həmin terrorçuların əksəriyyəti Ermənistan vətəndaşıdır və milliyyətcə ermənidir. İndi Fransadakı və Ermənistandakı ermənilərin PKK dəstəsində türklərə qarşı döyüşdüyünü görürük. Kürdlərlə ermənilərin dili və dini ayrı olsa belə, ermənilər gəlib Türkiyənin hərbi və polis bölmələrinə qəfil hücumlar edir, bununla da kürdlərə muxtariyyət verilməsini tələb edir".

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri İdris Naim Şahin deyib ki, Hakkaridə öldürülən PKK terrorçuları arasında Ermənistan vətəndaşları da var. Ələ keçirilən hər 4 terrorçudan ikisinin Türkiyə vətəndaşı olmadığını söyləyən nazir bildirib ki, onların yarısı xarici vətəndaşlardır: "Zərərsizləşdirilmiş terrorçular arasında İran, Suriya, İraq, Ermənistan vətəndaşları da var. Terror təşkilatı yerli qurum deyil. Kürd qardaşımın belə bir dərdi yoxdur. Kürd qardaşlarımın belə bir dərdi olsa, onun qarşısında nə Türkiyə, nə də dünya dayana bilər".

Hazırda Suriya erməniləri ilə sıx işləyən rəsmi İrəvan onlardan da Türkiyə əleyhinə faydalanmaq istiqamətində ciddi fəaliyyət göstərir. Ermənistana gələn Suriya ermənilərinin də anti-Türkiyə əhval-ruhiyyəsində köklənməsi üçün geniş təbliğat aparılır. Məlumdur ki, Suriyada hökumət və müxalifət qüvvələri arasında silahlı qarşıdurma başlanandan bəri minlərlə Suriya erməniləri Ermənistana üz tutub. Ermənistan Polisi Pasport və Viza İdarəsi də ötən iki ildə Ermənistan vətəndaşlığı almaq istəyən Suriya vətəndaşlarının sayı artdığını təsdiqləyir. 2010-cu ildə onların sayı 400-ə yaxın olubsa, 2011-ci il ərzində 3 mini aşıb, tək cari ilin birinci yarısında 3,2 mindən çox suriyalı Ermənistan vətəndaşlığını almaq üçün müraciət edib. Onların əksəriyyəti ermənilərdir.

Bu günlər Suriyanın ən böyük erməni icması məskunlaşan Hələb şəhərinə baş çəkmiş "Jamanak" qəzetinin baş redaktoru Arman Babacanyan artıq hərbi əməliyyatların əks-sədası erməni məhəllələrinə çatdığını bildirir: "Atəş səsləri eşidilir, işıq və internet kəsilib, çörək üçün növbəyə durmaq lazımdır.

Çoxları işsizdir və gündəlik çörək pulları da yoxdur. Son günlər yerli erməni siyasi partiyaları, ictimai və xeyriyyə təşkilatları ilə kilsə nümayəndələri ehtiyacı olan ailələrə yardım təşkil etməyə başlayıb". Arman Babacanyanın sözlərinə görə, icma nümayəndələri Suriyanı tərk etmək məsələsində yekdil deyil. Vəziyyətin yaxşılaşacağına ümid etməyənlər Suriyanı həmişəlik tərk etmək fikrindədir. Bir çoxu böhranın səngiməsini gözləmək üçün müvəqqəti Ermənistanda qalmaq istəyir. Yerli icma başçıları və ənənəvi erməni siyasi partiyaları Suriya erməni icmasının qorunub saxlanmasına çalışırlar. Bu, Yaxın Şərqdə ən böyük erməni icmasıdır. Hazırda Suriya hava yolları Dəməşq-İrəvan istiqamətində həftəlik uçuşlarını davam edir. Çoxları müvəqqəti də olsa Ermənistana köçməyə çalışır, lakin İrəvana gedib çıxa bilənlər biletlərin 3 ay qabaq satıldığını və çox baha (350-500 dollar) olduğunu bildirirlər.