“Azərbaycan ərazilərinin işğaldan azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır”
23 Avqust 2012 11:30 (UTC+04:00)
Avqustun 23-də Bişkekdə keçiriləcək Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) zirvə görüşü çərçivəsində
Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Türkiyənin
xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın Dağlıq Qarabağ
münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqeyi kəskin
tənqid edib.
APA-nın "AzərTAc" dövlət
agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu bildirib
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi
Qafqazda sabitliyin saxlanmasını əngəlləyən maneədir: "Dağlıq
Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinin azad
edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır,
bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəyik. Biz
Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və azərbaycanlı
qardaşlarımızın zorla öz evlərindən didərgin salınmasına qəti
etirazımızı bildiririk. Münaqişənin sülh yolu ilə həll olunması
üçün 20 ildən bəri davam edən danışıqların nəticəsiz qalması bizi
ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə,
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyincə, Cənubi
Qafqazda və Orta Asiyada sülh, sabitlik və əmin-amanlığa nail olmaq
çətin olacaq".
Ə. Davudoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq
hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilməlidir və Türkiyə bu istiqamətdə öz
səylərini davam etdirəcək.