Bu gün Cəbrayıl rayonunun işğalı günüdür

23 Avqust 2012 12:19 (UTC+04:00)
Movqe.Az xəbər veriri ki, 23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunub. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb. 
Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan Çaxmaqçay, Soltanlı tikinti qumu; ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı; ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.
Rayonda yaşı 200-1600 illər arasında olan 14 ədəd iri diametrli şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində "Divlər sarayı" adlanan mağara təbiət abidəsi kimi qorunurdu.
Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilib. 
2006-2007-ci illər ərzində ermənilər tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.