Gürcüstanda birinci sinif şagirdləri noutbukla təmin olunacaqlar

23 Avqust 2012 18:05 (UTC+04:00)
Gürcüstanda 2012-2013-cü dərs ili sentyabrın 17-də başlayacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı Gürcüstanın maarif və elm naziri Xatiya Dekanoidze nazirlikdə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, nazirlik yeni dərs ilinə tam hazırdır: "Yüzlərlə məktəbdə sentyabrın 17-dək başa çatacaq təmir işləri gedir". 
Nazirin sözlərinə görə, şagirdlərin üç kateqoriyası – imkansız ailələrin uşaqları, bir ailədə üç və daha çox şagirdlər olarsa və 2008-ci ilin avqust ayında Rusiya-Gürcüstan müharibəsində həlak olanların uşaqları pulsuz dərsliklərlə təmin olunacaq: "Təqribən 800 min şagirdə nazirlik tərəfindən pulsuz dərslik veriləcək. Dərsliklərimiz hazırdır, məktəbə qədəm qoyan birincilər yeni noutbukla da təmin olunacaqlar".