Tıxac problemi bir az da böyüyəcək

24 Avqust 2012 08:04 (UTC+04:00)

Cari ilin 6 ayı ərzində Azərbaycana 41398 minik avtomobili idxal olunub. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 58,2 faiz çoxdur. Yük avtomobillərinə gəldikdə isə ölkəyə gətirilən bu tip maşınların faiz nisbəti daha yüksəkdir. Belə ki, 2012-ci ilin ilk yarısında 4483 yük avtomobili Azərbaycana gətirilib. Bu isə 2011-ci ilin anoloji dövrünə nisbətdə təxminən 89,5 faiz çox deməkdir.

Bütövlükdə hesabat dövrü ərzində ölkəyə 46 minə qədər avtomobil gətirilib. Müvafiq dövrdə ölkəmizdə fəaliyyət göstərən avtobusların sayında da 531 ədəd artım qeydə alınıb. Bu hal ölkəmizə gətirilən maşınların sayında əvvəlki illərlə müqayisədə artımın özünü daha qabarıq şəkildə büruzə verdiyini göstərir. Ölkəmizdə avtomobillərin idxalına qoyulan gömrük rüsumları da vəziyyətə təsir etməyib. Digər tərəfdən, aydındır ki, avtomobillərin sayının çoxalması paytaxtda ciddi tıxac problemləri yaradır. Bu halda aydındır ki, avtomobillərin sayı ilə bağlı növbəti artım tıxac məsələsini daha da kəskinləşdirəcək.

Görəsən, ölkəyə maşın axınının çoxalmasının səbəbi nədir? Olmaya ona tələbat daha da artıb? Bu prosesin ekoloji tarazlığa və tıxac məsələsinə nə kimi təsirləri ola bilər?

"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bu qənaətdədir ki, ölkəyə avtomobil idxalının kəskin artması heç də tələbatın nəticəsi deyil: "Düşünürəm ki, ölkəmizə indilikdə bu qədər çox sayda yük maşınının gətirilməsinə hər hansı bir ehtiyac yoxdur. Buna zərurət yaranmayıb. Hazırda ölkədə nəinki minik, hətta yük avtomobillərinin sayı da kifayət qədər çoxdur. Avtomobillərin bu qədər çoxluğu şəraitində şəhərdə həm piyadalar, həm də sürücülər üçün normal hərəkət etmək müşkülə çevrilib. Düşünümürəm ki, ölkəyə cari ildə gətirilən maşınların sayında belə kəskin artımların olması tələbatın nəticəsidir. Zənnimcə, bu amil süni proseslərin nəticəsi olaraq meydana çıxıb. Birdən-birə ölkəyə bu qədər çox sayda maşının idxalı nəqliyyat vasitələrinin satışı ilə məşğul olanların kommersiya fəaliyyətinin əməlidir. Avtomobil komfort yaşayış tərzi keçirən insanlar üçündür. Ona görə də onu imkanı olanlar alır". O qeyd etdi ki, avtomobillərin belə çoxsaylı olması ölkədə ekologiyanın pozulmasına da mənfi mənada geniş təsirini göstərir: "Bu isə onu göstərir ki, günü-gündən ekoloji problemlərdən əziyyət çəkən insanların sayı da artır. Müvafiq qurumlar gərəkdir ki, belə bir məqamı analiz etsin". Ş. Əliyev söylədi ki, nəqliyyat vasitələrinin qısa zamanda xeyli artması şəhərdə tıxac məsələsini də kəskinləşdirəcək: "Hazırda onsuz da tıxac əlindən tərpənmək olmur. Belə bir vəziyyətdə maşın parkının artması tıxac amilini daha kəskin şəkildə qabardacaq".

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərli isə əksinə, əmindir ki, ölkəyə gətirilən avtomobillərin sayında yüksək artımın olması nəqliyyat vasitələrinə tələbatın yaranmasının nəticəsidir: "Bilirsiniz ki, nəqliyyat vasitəsi insanların gündəlik həyatının tərkib hissəsidir. Hər bir insan, demək olar ki, hər gün ya öz avtomobili, ya da ictimai nəqliyyatdan istifadə etməklə maşınlardan yararlanır. Onlar olmadan hazırkı həyatı təsəvvür etmək mümkün deyil. Ona görə də avtomobillərin sayı durmadan artır. Bir qisim avtomobil köhnələrək istifadədən çıxır və o biri tərəfdən də yeni avtomobillərə tələbat yaranır. Hər kəs istəyir ki, daha müasir avtomobilə sahib olsun. Bu istək də sonda maşına olan tələbatın yaranması ilə nəticələnir. Tələbatın artması fonunda da ölkəyə çoxsaylı avtomobil gətirilir. Ona görə də düşünürəm ki, cari ildə avtomobil parkının çoxalması ona tələbatın artması ilə bağlıdır. Tələbat olmasaydı, idxal da azalardı". Həmsöhbətimiz vurğuladı ki, avtomobillərin sayının çoxalması ilə istər-istəməz yol hərəkəti sahəsində, tıxac məsələsində gərginliyi də artır: "Amma yeni maşınların gətirilməsi həm də avtomobil parkının yenilənməsi deməkdir. Çünki yeniləri köhnələri sıxışdırıb sıradan çıxarır. Bildiyimiz kimi, şəhərin ekologiyasına adətən köhnə avtomobillər daha çox ziyan vurur. Bu mənada köhnələrin sıradan çıxarılaraq avtomobil parkının yenilənməsi ekologiyanın təmizlənməsi baxımından da vacibdir. Hazırda ölkəmiz ekoloji mənada təmiz, standartlara uyğun və eyni zamanda təhlükəsizlik baxımından daha etibarlı avtomobillərin gətirilməsinə istiqamətlənib. Buna müvafiq olaraq avtomobil idxalı ilə məşğul olan da çalışır ki, məhz bu kimi tələblərə cavab verən maşınları gətirsin".