“Əbülfəz Elçibəyi ona görə öldürdülər ki...”

24 Avqust 2012 08:10 (UTC+04:00)

"Azərbaycanda siyasət aləmində olan bütün insanlar bilir ki, Əbülfəz Elçibəyin həyatına sui-qəsd olub. O, zəhərlənərək öldürülüb. Bunu biz bilirdik. Şəxsən Əbülfəz Elçibəyin özü zəhərlənməsindən sonra, ikinci dəfə Türkiyəyə getməmişdən öncə mənə məlumat verdi. Açıq şəkildə dedi ki, "komsomol" məni zəhərləyib. "Komsomol" da Əli Kərimova deyirdi. Necə olur ki, 2000-ci ildə birinci dəfə Türkiyənin Ankara şəhərindəki xəstəxanada yoxlanarkən tam sağlam olması haqqında arayış verilir. Maraqlıdır ki, həmin ilin ikinci yarısında vəziyyətində ciddi narahatlıqlar yaranır və Elçibəy yenidən müalicə üçün Türkiyəyə gedir". Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Səs TV-yə müsahibəsində bildirib: "Bu, yeni deyil. Mən 2000-ci illərdən bu məsələni qaldırmışam. O dövrdəki qəzetlərdə də bu fikirlər yer alıb. Lakin eks-prezidentlər haqqında qanun qəbul edilmədiyindən bu iddianı qaldıra bilmirdik. Ona görə də Əbülfəz Elçibəyin bütün yaxın ətrafı bunu çox gözəl bilir. Çox təəssüf hissi keçirirəm, necə ki, Əbülfəz Elçibəy sahibsiz öldü, bu gün də onunla bağlı ədalətin gün işığına çıxmasında yaxınları heç bir köməklik göstərmirlər. Xanım Xəlilova da müsahibələrində bildirir ki, Novella xanım mənə zəng edib dedi ki, Əbülfəz Elçibəyin cənazəsi sahibsiz qalıb. Bu gün də onun yaxınları bu faktı bildikləri halda buna laqeydlik göstərirlər. Hətta onun ən yaxın qohumu, mühafizəçisi Mərdan bəy gəlib mənə deyib ki, Əli Kərimov Əbülfəz Elçibəyi zəhərləyib, mən onun qisasını alacağam. Bu gün isə hüquq-mühafizə orqanlarının çağırışından gizlənir. Bu cür mənəviyyatsızlıq ola bilməz.

Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra bizim əlimizdə fakt oldu ki, prokurorluğa müraciət edək. Bir məsələ də var ki, dövlət bu işə baxmasaydı deyəcəkdilər ki, Elçibəyin ölümünün səbəblərinin araşdırılması hakimiyyət üçün önəmli deyil. Baxanda isə deyirlər ki, hakimiyyətin kiməsə qərəzi var.

Prokurorluqda artıq qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Əli Kərimov Əbülfəz Elçibəyi zəhərləyib və bu xarici kəşfiyyat orqanlarının əli ilə olub. Təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin bəylə biz həbsxanada birgə məhbusluq yaşadığımız dövrdə söhbətlərimiz zamanı o özü də bu faktı təsdiqləyirdi. Əbülfəz Elçibəyi öldürməsinin qarşılığında Əli Kərimov hansısa xarici kəşfiyyat orqanından 10 milyon dollar pul alıb. Həmin məbləği də öz şəxsi məqsədləri üçün xərcləyib. Bu gün o adam 20 ildir işləməyə-işləməyə Londonda villa satın alıb, orada arvadının adına ticarət obyekti açıb, övladları da eyş-işrət içində yaşayır. Özü də Azərbaycanda cangüdənlərlə, son model avtomobillərlə gəzir, komfort bir həyat sürür. O, vaxtilə Azərbaycan prezidentinə xəyanət edib, bu gün də xalqa xəyanət edir. Mənim əlimdə kifayət qədər faktlar var və mən onlara əsaslanaraq danışıram".

O, daha sonra qeyd edib: "Bizim gözəl hüquqşünasımız Adil Minbaşı deyirdi ki, "Elçibəy mənə dedi ki, onu zəhərləyiblər". Maraqlı bir sual ortaya çıxır, Əbülfəz Elçibəyi niyə öldürdülər? Elçibəyin hakimiyyətdə yer tutacağı reallaşmışdı. Sadəcə, ona şərt irəli sürülmüşdü ki, ətrafında olan xainlərdən uzaqlaşsın. Bundan da xəbər tutdular. Müəyyən dövlətlər var idi ki, onlar da Əbülfəz Elçibəyin hakimiyyətdə təmsil olunmasında maraqlı deyildilər. Elçibəyi aradan götürmək üçün satqın lazım idi. Bu satqın da Əli Kərimov idi. O ki, qaldı Əli Kərimov və İsa Qəmbərin açıqlamalarına, onlar hadisəni siyasiləşdirməklə öz əməllərini sığortalamağa çalışırlar, bu da alınmayacaq.

Əli Kərimov canlı meyitdir. Aldığı 10 milyonun yarısını xarici banklara qoymaqla onun faizi ilə ətrafında 5-10 nəfər saxlayır. Heç bir sosial bazası mövcud deyil, xalq arasında onu müdafiə edənlər də yoxdur. Əgər Elçibəy kimi bir dahiyə o zəhər verib öldürürsə, ondan 10 milyon qazanc əldə edirsə, bu insandan nə gözləmək olar? Əli Kərimov Elçibəyi zəhərləyib, İsa Qəmbərovun bundan xəbəri var idi. Yalnız onları bir istək, amal birləşdirirdi, Elçibəysiz hakimiyyətə gəlsinlər. Bu hadisəni siyasiləşdirmək məntiqsizdir. Söhbət törədilmiş sui-qəsddən gedir".