Azərbaycan nəqliyyat-yol kompleksinin inkişafına 1,15 mlrd. dollar xərcləyib

24 Avqust 2012 11:22 (UTC+04:00)
Azərbaycanın nəqliyyat-yol kompleksinin inkişafı, təkmilləşdirilməsi və həmçinin saxlanması üçün Nəqliyyat Nazirliyinə 2012-ci ilin dövlət büdcəsindən və beynəlxalq maliyyə institutları tərəfindən nəzərdə tutulmuş 1 448,1 mln. manat vəsaitdən cari ilin ilk yarısında 900,83 mln. manat (təxminən 1,147 mlrd. ABŞ dolları) xərclənib.
Nəqliyyat Nazirliyindən "APA-ECONOMICS"ə verilən məlumata görə, hesabat dövründə "Avtomobil yolları" Məqsədli Büdcə Fondundan yolların əsaslı təmirinə nəzərdə tutulmuş 180 mln. manat büdcə vəsaitindən ilin ilk yarısında 111,2 mln. manat xərclənib.
Bu ilin dövlət büdcəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin saxlanması üçün dövlət büdcəsindən nəzərdə tutulmuş 5,8 mln. manat vəsaitdən hesabat dövründə 2,5 mln. manat xərclənib.
Bakı-Tbilisi-Qars dəmir yolu tikintisi layihəsinin həyata keçirilməsi üçün dövlətlərarası sazişə əsasən ayrılmış 775 mln. manat vəsaitdən 2007-2012-ci illərdə 326,9 mln. manat, bundan 47,1 mln. manat isə cari ilin ilk yarısında xərclənib.