Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başa çatdı
24 Avqust 2012 12:14 (UTC+04:00)
Azərbaycanda ali məktəblərin boş qalan
yerlərinə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə
ixtisas seçimi başa çatıb. Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri
Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, bu il ali
məktəblərdə 1924 plan yeri vakant qalıb. II ixtisas qrupunda qəbul
planı 100 faiz yerinə yetirilib. I ixtisas qrupunda 799, III qrupda
510, IV qrupda isə 615 plan yeri boş qalıb.
Ali məktəblərin cari ildə ayrılmış 33918 plan
yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94 faiz
dolub.
Cari ildə 11 illik təhsil bazasından 54 orta
ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan
7174-si Azərbaycan bölməsi, 36 yer isə rus bölməsinin
abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus
bölməsinin abituriyentləri üçün birgə müsabiqə
keçiriləcək.