Bakıda dəhşət
24 Avqust 2012 16:00 (UTC+04:00)
Bakının Nərimanov
rayonunda dəhşətli olay baş verib. Rayonun hüquq-mühafizə
orqanlarından verilən məlumata görə, avqustun 24-də Nərimanov rayon
Polis İdarəsinin 16-cı polis bölməsinə ərazidəki mənzillərin
birində ölümcül vəziyyətdə olan kişi barədə məlumat daxil olub.
Deyilən ünvana yollanan əməliyyatçılar yaşlı bir kişini huşsuz
vəziyyətdə aşkar edərək dərhal Əfəndiyev adına xəstəxanaya
çatdırıblar. Burada həkimlərin müdaxiləsindən sonra yaşlı kişinin
həyatını xilas etmək mümkün olub. Həmin şəxs ayıldıqdan sonra
polisə verdiyi ifadəsində bildirib ki, onu bu vəziyyətə doğma
qızları salıb.
Polisdən əldə etdiyimiz məlumata görə, qızları Səbinə və Aysel öz
doğma ataları Rahib Məmmədovu evlərində girov kimi ac-susuz
saxlayıblar. Təxminən 15 gün qızlarının əsirinə çevrilən
R.Məmmədovun vəziyyəti ağırlaşdıqda onlar bu barədə təcili yardıma,
təcili yardım isə polisə məlumat verib. Lakin maraqlıdır ki, Rahib
Məmmədov doğma övladlarının ona qarşı etdiyi əməldən şikayətçi
olmadığını və onları bağışladığını bildirib. Qızları isə atalarına
qarşı atdıqları bu vəhşi addımı belə izah ediblər ki, R.Məmmədov
onları incidib təqib edir, geyimlərinə və evdən bayıra çıxmalarına
görə irad tuturmuş. Onlar da atalarının köməksiz vəziyyətindən
istifadə edərək, bu yolla ondan qisas alıblar. Lakin onu öldürmək
məqsədləri olmayıb. Ən maraqlısı odur ki, Rahib Məmmədovun qızları
tərəfindən girov götürülüb bu vəziyyətə salınmasından və onun 15
gündür ac-susuz saxlanılmasından həyat yoldaşının da xəbəri olub.
Lakin ömür-gün yoldaşı əri R.Məmmədova rəhm etməyib və qızlarının
əməli barədə heç yerə məlumat verməyib. Hazırda hadisə ilə bağlı
Nərimanov RPİ 16-cı polis bölməsində təhqiqat aparılır.