2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un
İcraiyyə Komitəsinə üzv seçilib.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən
Mehriban Əliyeva "İlin qadını" adına layiq görülüb. 2005-ci il
iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə,
təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və
Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı
töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq
Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülüb.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə
namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov
II Seçki Dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12% (23106
səs) səs toplayaraq deputat seçilib.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan
uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına,
təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə
görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun
xoşməramlı səfiri adına layiq görülüb.
Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il
yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil
qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının
qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu
beynəlxalq təşkilatın mükafatı verilib.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali
ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci
ilin mayında Mehriban Əliyeva "Qızıl ürək" beynəlxalq mükafatına
layiq görülüb.
Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq
münasibətlərinin inkişafına verdiyi töhfəyə görə 14 sentyabr
2009-cu ildə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor
Xaçı ordeni ilə təltif edilib.
10 fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə
"Fəxri legionun böyük xaç komandoru" ordeni ilə təltif olunub.
2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun
Qızıl medalı təqdim olunub.
Ailəlidir, iki qızı, bir oğlu, üç nəvəsi var.