Baş Prokurorluqdan polis şöbəsindəki ölüm hadisəsi ilə bağlı açıqlama
26 Avqust 2012 20:15 (UTC+04:00)
Respublika Baş Prokurorluğu Zərdab Rayon Polis
Şöbəsində baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat
yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya
verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya
vasitələrində Zərdab rayon Polis Şöbəsinin müvəqqəti saxlanma
təcridxanasında saxlanılan Arzu Yusif oğlu Hüseynovun döyülmə
nəticəsində avqustun 21-də ölməsi barədə həqiqətə uyğun olmayan
məlumatlar dərc edilib: "Həmin informasiyalar reallığı əks
etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur. Bununla
əlaqədar bildirilir ki, Kürdəmir rayon Polis Şöbəsinin İstintaq
bölməsində Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq) maddəsi
ilə istintaq edilən cinayət işi üzrə əvvəllər məhkum olunmuş
Kürdəmir şəhər sakini A.Hüseynov təqsirləndirilən şəxs qismində
cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan
tədbiri seçilərək Zərdab rayon Polis Şöbəsinin müvəqqəti saxlanma
təcridxanasına etap edilib. A.Hüseynov avqustun 21-də saat 21:30
radələrində səhhətinin pisləşməsi ilə əlaqədar şöbənin
əməkdaşlarından ağrıkəsici dərman preparatları istəyib və bir neçə
dəqiqədən sonra ölüb.
A. Hüseynovun ölməsi barədə daxil olmuş
məlumat əsasında rayon prokuroru, prokurorluğun əməkdaşları məhkəmə
tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirib,
meyitin xarici müayinəsi zamanı qolunda inyeksiya izləri aşkar
edilib.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb
ekspertizası təyin olunub. Meyit avqustun 22-də Səhiyyə
Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya
Birliyinin Ucar rayon şöbəsində mərhumun valideynləri və
qohumlarının iştirakı ilə yarılaraq daxili müayinəsi aparılıb və bu
zaman hər hansı bir şikayət daxil olmayıb.
Birliyin Ucar rayon şöbəsinin ilkin arayışına görə, A. Hüseynovun
ölümünə səbəb kəskin ürək-damar çatışmazlığı olub.
Hazırda A. Hüseynovun ölməsi faktı üzrə Zərdab rayon
prokurorluğunda araşdırmalar davam etdirilir".