Ayın fatehi öldü -FOTO
27 Avqust 2012 11:25 (UTC+04:00)
Ayın səthinə ilk
ayaq basan insan – amerikalı astronavt Nil Armstronq avqustun 25-də
82 yaşında vəfat edib. Lent.az-ın
Reuters-ə istinadən məlumatına görə, astronavtın ölümünün səbəbi bu
ayın əvvəlində koronar artiyalarda aparılmış cərrahiyyə
əməliyyatından sonrakı ağırlaşma olub. 1969-cu ilin iyulunda Armstronq,
Ayın səthinə enmək tapşırığı almış "Apollon-11" kosmik gəmisinin
ekipajına rəhbərlik edirdi. 1969-cu il iyulun 20-də Nil Armstronq
tarixdə Ayın səthinə ilk ayaq basmış insan oldu. Tərəfdaşı Edvin
Oldrinlə bərabər o, Yerin təbii peykində 2 saat yarıma qədər vaxt
keçirdi. Nil
Olden Armstronq 1930-cu il avqustun 5-də Ohayo ştatının Vapakoneta
şəhərində anadan olub. Hərbi xidməti ABŞ hərbi dəniz qüvvələrinin
tərkibində keçib. Xidmət zamanı 1951-1952-ci illərdə Koreya
müharibəsində iştirak edib və 78 döyüş uçuşu
keçirib. Hərbi
xidmətdən sonra o, sınaqçı-pilot kimi fəaliyyət göstərib. 1962-ci
ildə NASA-nın astronavtlar qrupuna daxil edilib. 1966-cı ildə
"Cemini-8" missiyasının tərkibində kosmosa ilk uçuşunu
edib. 1971-ci
ildə Armstronq NASA-dan ayrılıb, müəllimlik və biznes fəaliyyətilə
məşğul olub.