Ukrayna Azərbaycanlıları Konqresinə yeni sədr seçilib
27 Avqust 2012 15:11 (UTC+04:00)
Kiyev şəhərində Ukrayna
Azərbaycanlıları Konqresinin (UAK) növbədənkənar seçki konfransı
keçirilib. TəşkilatdanAPA-ya
verilən məlumata görə, konfransa Ukrayna Azərbaycanlıları
Konqresinin 18 vilayət təşkilatından UAK-ın nizamnaməsinə uyqun
olaraq 80-ə yaxın mandatlı nümayəndə iştirak edib.
Gündəlikdə duran məsələlər müzakirə olunduqdan sonra UAK-a yeni
sədr seçilib. Çıxış edən 18 regional təşkilatın nümayəndələri sədr
vəzifəsinə Qüdrət Hacıyevin və Rövşən Tağıyevin namizədliyini irəli
sürüblər. Q. Hacıyev öz namizədliyini R. Tağıyevin xeyrinə geri
götürüb. Açıq səsvermədə Rövşən Surxay oğlu Tağıyev yekdilliklə
Ukrayna Azərbaycanlıları Konqresinin yeni sədri seçilib.
R. Tağıyev 1969-cu ildə Bakı şəhərində anadan olub. İki ali məktəb
bitirib. 1991-1997-ci illərdə Ukrayna Milli Azlıqlar
Assosiasiyasında Türkdilli Xalqlar Cəmiyyətinə rəhbərlik edib.
1997-2002-ci illərdə Azərbaycanın Ukraynadakı səfirliyinin 3-cü və
2-ci katibi vəzifələrində çalışıb. 2002-ci ildən biznes fəaliyyəti
ilə məşğuldur. Ailəlidir, iki övladı var.