Növbəti “Yay düşərgəsi” Lerikdə start götürəcək

27 Avqust 2012 16:19 (UTC+04:00)
Gənclər və İdman Nazirliyi tərəfindən bu ildən etibarən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələrin keçirilməsi nəzərdə tutulub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşərgənin təşkil edilməsində əsas məqsəd - gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumat verməkdir. İlk belə düşərgə bu ilin iyul ayında Qəbələ rayonunda təşkil edilib. Düşərgədə 70 nəfərə yaxın tələbə çalışıb. Növbəti düşərgə isə yenə də nazirlik, Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 29 avqust -7 sentyabr tarixlərində Lerik rayonunda təşkil ediləcək.
Düşərgənin sonunda iştirakçılara Gənclər və İdman Nazirliyinin sertifikatları veriləcək.
Qeyd edək ki, düşərgələr "Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.