Yaponiya-Çin münasibətləri kəskinləşir
28 Avqust 2012 20:41 (UTC+04:00)
Pekində Yaponiya səfirinin avtomobilinə hücum
olub. Çinin Dyaoyuadao, Yaponiyanın
Senkaku adlandırdığı adalar iki dövləti üz-üzə gətirib. Lent.az-ın
"mignews.com" saytına istinadən verdiyi məlumata görə, artıq iki
həftədir ki, Çinin şəhərlərində və əyalətlərində Yaponiya əleyhinə
aksiyalar keçirilir, bu aksiyalar sonda yapon istehsalı olan
məhsulların olduğu mağazaların, avtomobillərin talan edilməsi ilə
başa çatır.
Vəziyyət Yaponiyanın bu adaya gedən 14 çinlini
saxlamasından sonra gərginləşib. Çində keçirilən aksiyalarda
Yaponiyanın adaya iddiasından imtina etməsi tələb olunur. Dünən isə
Pekində çinlilər Yaponiya səfiri Uitiro Nivoyanın avtomobilinə
hücum çəkiblər. Maşından Yaponiya bayrağı oğurlanıb. Səfir zərər
çəkməyib.
Qeyd edək ki, Dyaoyuadao (Senkaku) adası Şərqi
Çin dənizində yerləşir. Adaya Yaponiya və Çinlə bərabər Tayvan da
iddia edir. Pekin adanın Yaponiya tərəfindən qanunsuz işğal
edildiyini və ada üzərində suverenitetə malik olduğunu bəyan
edir.