Bakıda ikimərtəbəli yollar peyda ola bilər

29 Avqust 2012 08:53 (UTC+04:00)

Bakının tıxac problemi azalmaq əvəzinə sanki günü-gündən daha kəskin xarakter almağa başlayır. Şəhərin bir sıra məntəqələrində, demək olar ki, günün hər bir saatında tıxac əlindən tərpənmək belə mümkün olmur. Xüsusən də Neftçilər prospekti, İnqilab küçəsi 20 Yanvar dairəsi ətrafında tıxac məsələsi daha kəskindir. Tıxacın olması nəticəsində isə avtomobillərin hərəkəti dayanır. Əhali işə və mənzil başına vaxtında çata bilmir.

Bu isə insanlarda həm də əsəb sisteminin korlanmasına gətirib çıxarır. Qeyd edək ki, şəhərdə tıxacın yaranmasına avtomobillərin həddən ziyada çoxluğu da ciddi təsir göstərir.

Hazırda ölkə miqyasında 1,2 milyona yaxın maşın qeydiyyata alınıb ki, onun da hardasa 60 faizi məhz paytaxtdadır. Son illər tıxac məsələsinin həlli üçün bir sıra yerlərdə geniş yol qovşağı tikilib istifadəyə verilib. Hətta bununla bağlı olaraq körpülər də inşa edilib. Amma bütün bunlara rəğmən Bakı üçün tıxac məsələsi yenə də aktual olaraq qalmaqdadır. Bir sıra şəhərlərdə tıxacı aradan qaldırmağın yollarından biri kimi iki, üç mərtəbəli yollar da çəkirlər. Məsələn, Yaponiya, Cənubi Koreyada belədir. Bu mənada bir çoxları düşünür ki, Azərbaycanda da ikimərtəbəli yollar olmalıdır. Görəsən, ölkəmizdə bu mümkündürmü?

İqtisadçı ekspert Cümşüd Nuriyevin fikrincə paytaxtda ikimərtəbəli yolların olması mümkünsüzdür: "Bakı şəhərinin ikimərtəbəli yollara ehtiyacı yoxdur. Onsuz da şəhərdə körpülərin tikilməsilə iki, üç mərtəbəli yol qovşaqları inşa olunub. Digər tərəfdən Azərbaycanda iki mərtəbəli yolların çəkilməsi üçün elə bir şərait də yoxdur. Çünki ölkəmizdə tıxac problemi özünü əsasən Bakının Neftçilər prospektində, Bakıxanov və Rəşid Behbudov küçələrində göstərir. Həmin yerlərdə yolun kənarı daha çox arxitektura binaları ilə zəngindir. Ona görə də bu ərazilərdə ikimərtəbəli yolların çəkilməsilə həmin arxitektura binalarının məhvinə səbəb olacaq. Yəni bu halda həmin binalar istər-istəməz öz arxitektura əhəmiyyətini itirməli olacaq. Digər tərəfdən Bakı böyük meqapolis deyil ki, burada ikimərtəbəli yollar inşa edilsin. Şəhərdə hardasa 3 milyon əhali yaşayır. Ölkə əhalisinin 30 faizi burada cəmləşib. Abşeronla birlikdə isə artıq ölkə əhalisinin yarısının burada yaşadığını görə bilərik. Belə halda ikimərtəbəli yolların çəkilişilə bir nəticə əldə edilə bilməyəcək. Yollarla bağlı dövlətin konsepsiyası olmalıdır.

İkimərtəbəli yolların olmasının düşünürəm ki, Azərbaycana heç bir xeyri olmayacaq. Nə iqtisadi, nə siyasi, nə də tıxacların aradan qaldırılması cəhətdən. İkimərtəbəli yolların olması Bakı üçün yolverilən hadisə deyil".

"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev isə bildirir: "Hesab edirəm ki, paytaxtımız üçün indilikdə ikimərtəbəli yolların olmasına ehtiyac yoxdur. Belə bir addımın reallaşması zamanı hələ yetişməyib. Sadəcə, hərəkətin tənzimlənməsi istiqamətində bəzi qaydalara riayət etmək lazımdır ki, yollarda tıxac əmələ gəlməsin. Yolların təmirində problemlər yaşandıqca tıxaclar da yaranır. Prosesi kifayət qədər peşəkarcasına həyata keçirsələr, tıxaclar da olmaz. İkimərtəbəli yolların salınması indilikdə büdcədən əlavə vəsaitlərin alınması deməkdir. Ona görə də buna hazırda ehtiyac görmürəm. Beş-altı il öncə körpülərin tikintisilə bildirdilər ki, bu hal həm hərəkətin təhlükəsizliyini təmin edəcək, həm də tıxacı aradan qaldıracaq. Amma zaman göstərdi ki, heç də körpülərin tikilib istifadəyə verilməsilə bu problemlər aradan qalxmadı. Əksinə, indilikdə daha kəskin şəkildə özünü göstərməkdədir. Ona görə də düşünmürəm ki, ikimərtəbəli yolların çəkilişilə tıxac məsələsi aradan qalxacaq. Belə düşünmək sadəlövhlükdür. Sadəcə, sürücü və yolların təmirilə məşğul olan idarələr addımlarını planlı şəkildə atmalıdır ki, tıxac problemi olmasın. Hər şey kortəbii şəkildə olanda isə tıxaclardan heç vaxtı qurtula bilməyəcəyik. Eyni zamanda ikimərtəbəli yolların tikintisi üçün büdcədən kifayət qədər pul xərclənməli olacaq. Yolun bir kilometri 1 milyona başa gəlirsə, ikimərtəbəli yolun çəkilişinə də 2 milyon manat lazım gələcək. Bütün bunlara görə də düşünürəm ki, indilikdə ikimərtəbəli yolların tikintisi üçün zaman yetişməyib".