Minsk qrupunun həmsədrləri münaqişənin həllində maraqlı deyillər

29 Avqust 2012 08:54 (UTC+04:00)

Qoşunların təmas xəttində ATƏT-in planlaşdırdığı növbəti monitorinqin əvvəlkilər kimi elə bir ciddi əhəmiyyəti yoxdur. Bunu SalamNews-a hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, bu, ATƏT-in fəaliyyətsizliyinə bir növ don geyindirmək və münaqişənin həlli istiqamətində guya hansısa işləri apardıqlarını göstərmək məqsədilə ortaya atılmış hərəkətdir. ATƏT indiyədək nəyi həll edib ki?! Azərbaycan ATƏT-in Mİnsk qrupuna konkret vaxt verməlidir. Müsbət nəticə olmasa, Azərbaycan bütün vasitələrdən, o cümlədən güc tətbiq etməklə Ermənistanı yerində oturda bilər. Bu, Azərbaycana BMT-nin Təhlükəsizlik Şurasından verilmiş hüququdur".

Ekspert söyləyib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri Azərbaycanın işğal edilmiş ərazilərində monitorinq keçirirlər, hesabat yazırlar, sonra o hesabatı üç həmsədrə göndərirlər, həmsədrlər də prezidentlərlə görüşüb müzakirələr edirlər. Bunlar mənasız işlərdir.

Ü.Cəfərov ATƏT-in snayperlərin təmas xəttindən geri çəkilməsi ilə bağlı son müraciətinə də toxunub. O bildirib ki, bu müraciətə baxmayaraq, Ermənistan silahlı qüvvələri ən yüksək səviyyədə onların artırılması ilə bağlı qərar verib: "Baxmayaraq ki, ATƏT snayperlərin cəbhə bölgəsindən götürülməsi ilə bağlı dəfələrlə müraciətlər edib, buna cavab olaraq avqustun 7-də Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhə bölgəsinə səfəri zamanı snayperlərin sayının artırılması ilə bağlı göstəriş verib. Yaxşı olardı ki, ATƏT rəsmiləri regiona gəlib boş-boş və mənasız işlərlə deyil, bu işlə məşğul olsunlar. Onlar özləri üçün yaxşı iş yeri tapıblar, yüksək məvacib alırlar. Bu səbəbdən onlar münaqişənin tezliklə həllində maraqlı deyillər".

Bildirək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 29-da Qazax rayonu Cəfərli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.