Azərbaycanlı seysmoloqlar İrandakı zəlzələləri əvvəldən biliblər

29 Avqust 2012 15:38 (UTC+04:00)

Azərbaycanda zəlzələləri əvvəlcədən proqnozlaşdıran stansiya İranda avqustun 14-ü, 15-i, 16-sı və 19-da baş verən zəlzələləri 13-30 saat qabaqcadan qeydə alıb.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib. 
Onun sözlərinə görə, İranda zəlzələlərdən əvvəl baş verən anomal seysmik proseslərin qeydiyyatı "Qum adası" stansiyasında qeydə alınıb: "Biz zəlzələnin dəqiq İranda olduğunu bilmirdik. İstiqaməti təxminən bilirdik. Zəlzələnin dəqiq koordinatını vermək üçün belə stansiyaların sayı çox olmalıdır. Ona görə də zəlzələlərin olacağı ilə bağlı İran tərəfinə hər hansı məlumat verilməyib. Bu zəlzələlərin qabaqcadan qeydə alınması artıq Azərbaycanda quraşdırılan stansiyaların uğurlu işləməsinin sübutudur". 
T. Əliyev bildirib ki, "Qum adası" stansiyası avqustun 14-də baş verən zəlzələni 16 saat, avqustun 15-də və 16-da olan zəlzələləri 14 saat, avqustun 19-da şimal-qərbi İranda olan zəlzələni 30 saat, şimal-şərqi İranda olan zəlzələni isə 13 saat əvvəldən qeydə alıb: "Biz Azərbaycana beynəlxalq ekspertlər dəvət etmişik. Bu yazılar hamısı onlara təqdim olunacaq". 
T. Əliyev qeyd edib ki, hazırda Qum adasında, Siyəzəndə, Şirvanda, Neftçala və Naftalanda zəlzələləri qabaqcadan proqnozlaşdıran 5 stansiya fəaliyyət göstərir: "Daha bir stansiya Naxçıvanda quraşdırılacaq. Türkiyə və Türkmənistanda da belə stansiyalar quraşdırılacaq. Amma ölkədə fəaliyyət göstərən stansiyalar hələlik şəbəkə halında birləşməyib, ayrı-ayrılıqda fəaliyyət göstərir. Bu stansiyalar peyk vasitəsilə serverə veriləcək və nəticələr sinxron analiz ediləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akademik Əli Abbasovun rəhbərliyi altında belə layihə hazırlanır. Stansiyalar server şəklində birləşəndə biz zəlzələlərin koordinatlarını da tapmağa çalışacağıq". 
Qeyd edək ki, avqustun 11-də İranda episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər, Vərzigan və Heris şəhərlərindədir. Təbii fəlakət nəticəsində 306 nəfər ölüb, 3000-dən artıq insan yaralanıb. 
Yeraltı təkanlar sonrakı günlərdə də davam edib.